Böyük müharibə təhlükəsi: İran hansı ölkələri hədəfə alacaq? KONKRET

20.11.2026

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın ABŞ tərəfindən qonşu ölkələrin ərazisindən ona qarşı hərbi əməliyyatlar həyata keçiriləcəyi təqdirdə həmin dövlətlərə zərbə endirə biləcəyi barədə bəyanatları regionda ciddi narahatlıq doğurur. Tehranın mümkün hərbi qarşıdurma zamanı coğrafi məhdudiyyət tanımayacağına dair mesajları müharibənin yalnız İran və ABŞ arasında deyil, daha geniş ərazilərdə baş verə biləcəyi ehtimalını gündəmə gətirir.

Bu isə qonşu dövlətlərin təhlükəsizliyi ilə yanaşı, regionda yeni hərbi koalisiyaların formalaşması riskini də artırır.

Bəs İranın bu hədələri nə dərəcədə realdır? Tehran qonşu ölkələrə hansı mesajı verir və belə bir addımın beynəlxalq hüquq baxımından nəticələri nə ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, İran rəsmilərinin son bəyanatları təkcə qonşu ölkələrdə yerləşən ABŞ hərbi bazalarından mümkün hücumlara cavab verilməsi ilə məhdudlaşmır.

Onun sözlərinə görə, İranın dini lideri və hərbi elitasının nümayəndələri mümkün yeni müharibədə daha geniş coğrafiyanın hədəfə çevrilə biləcəyini bildirirlər:

“İranın dini lideri Ayətullah Xamenei və hərbi rəhbərliyin nümayəndələrinin açıqlamaları yalnız qonşu dövlətlərdəki ABŞ hərbi bazalarından İrana qarşı hücumların həyata keçirilməsi ehtimalını əhatə etmir. İran tərəfi mümkün yeni müharibə zamanı heç bir coğrafi məhdudiyyət tanımadan müxtəlif ölkələrin ərazilərindəki obyektləri legitim hərbi hədəf hesab edə biləcəyini bəyan edir. Bunlar bir-birindən fərqli məsələlərdir”.

Politoloq qeyd edib ki, Tehran qonşu dövlətlərin ABŞ və İsraillə münasibətlərini də öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirə bilər:

“Əgər hansısa ölkənin ərazisindən İrana qarşı hərbi əməliyyat həyata keçirilirsə, həmin ərazidəki konkret hərbi obyektlərin hədəfə alınması məsələsi ortaya çıxa bilər. Lakin İranın yanaşması bununla məhdudlaşmır. Tehran bəzi qonşu dövlətlərin ABŞ və İsraillə iqtisadi, siyasi, mədəni və humanitar əlaqələrini də həmin ölkələrin İrana qarşı mövqe tutması kimi qiymətləndirir. Nəticədə bu dövlətlərin strateji obyektlərini də potensial hədəflər sırasına daxil edə bilər”.

Taleh Əliyevin fikrincə, İranın bu yanaşması xüsusilə Körfəz ölkələri üçün ciddi təhlükə yaradır.

Ekspert bildirib ki, Tehran əvvəlki hərbi qarşıdurmalar zamanı da regiondakı ABŞ bazalarının mövcudluğunu əsas gətirərək qonşu dövlətlərin ərazilərinə zərbələr endirdiyini bəyan edib:

“İran  müharibə dövründə və sonrakı mərhələlərdə Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin ərazilərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. Həmin hücumlarda ABŞ hərbi bazaları ilə yanaşı, müəyyən hərbi və mülki obyektlər də hədəfə alınıb. Tehran isə bu addımlarını həmin ölkələrdə yerləşən Amerika hərbi bazalarından qaynaqlanan təhlükələrə qarşı müdafiə tədbiri kimi əsaslandırıb”.

Politoloq vurğulayıb ki, İranın mümkün yeni müharibə ilə bağlı açıqlamalarında təhlükəli məqamlardan biri hədəflərin coğrafiyasının daha da genişləndirilməsidir:

“Artıq İran rəsmiləri növbəti müharibə baş verəcəyi təqdirdə coğrafi məhdudiyyət tanımayacaqlarını bildirirlər. Hətta Avropada ABŞ hərbi bazalarının yerləşdiyi ölkələr də potensial hədəflər sırasında göstərilir. Bu isə mümkün qarşıdurmanın Yaxın Şərqlə məhdudlaşmayacağına dair ciddi mesajdır”.

Ekspert hesab edir ki, İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyən dövlətlərin hədəfə alınması Tehranın özü üçün ağır nəticələr doğura bilər.

“Əgər İran ərazisindən ona qarşı heç bir hərbi əməliyyat həyata keçirilməyən dövlətlərə raket və ya dron zərbələri endirərsə, bu, onun beynəlxalq mövqeyini daha da ağırlaşdıracaq. Belə bir addım İranın özünü müdafiə edən dövlət kimi təqdim etdiyi mövqeyi zəiflədə, əksinə, onu digər ölkələrə qarşı təcavüzdə ittihamlarla üz-üzə qoya bilər”.

Taleh Əliyevin sözlərinə görə, belə bir ssenari İran əleyhinə daha geniş beynəlxalq hərbi birliyin yaranmasına da zəmin hazırlaya bilər:

“İranın münaqişədə iştirak etməyən ölkələrə hücum etməsi ona qarşı beynəlxalq koalisiyanın formalaşmasına səbəb ola bilər. Bu isə daha genişmiqyaslı hərbi müdaxilə ehtimalını artırar. Nəticədə Tehran təhlükəsizliyini təmin etmək məqsədilə atdığını bildirdiyi addımlarla özünü daha böyük təhlükə qarşısında qoya bilər”.

Politoloqun qənaətinə görə, İranın hərbi hədələri yalnız qonşu dövlətlərə təzyiq vasitəsi deyil, eyni zamanda regional müharibənin beynəlxalq qarşıdurmaya çevrilməsi riskini artıran təhlükəli mesajdır.

Qeyd edək ki, beynəlxalq hüquqa əsasən, başqa bir dövlətin ərazisində xarici hərbi bazanın yerləşməsi həmin ölkəyə qarşı avtomatik olaraq güc tətbiqinə hüquqi əsas yaratmır. Özünümüdafiə hüququnun tətbiqi üçün BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan şərtlər, eləcə də zərurət və mütənasiblik prinsipləri nəzərə alınmalıdır. Mülki obyektlərin qəsdən hədəfə alınması isə beynəlxalq humanitar hüquqla qadağandır.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью