Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünən bp şirkəti “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” adlı yeni bir kitabı ictimaiyyətə təqdim edib.
Qurumun maliyyəsi ilə nəşr olunmuş kitabın əsas məqsədi geniş oxucu ictimaiyyətinin Azərbaycanın ilk demokratik dövlətinin tarixinə marağını və həmin dövr barədə məlumatlılığını artırmaqdır.
Yeni nəşrdə Şərqdə ilk demokratik parlament respublikası olan və sovet Rusiyası tərəfindən devrilənə qədər cəmi 23 ay mövcud olmuş Azərbaycan Demokratik Respublikası (ADR) haqqında diqqətlə seçilmiş və geniş ictimaiyyətə az məlum olan 100 fakt toplanıb.
Kitab oxuculara ADR haqqında qısa, maraqlı və etibarlı mənbələrə əsaslanmış tarixi məlumatlar təqdim edir.
Hər bir fakt ADR-in parlament iclaslarının stenoqramları və hökumət qərarları da daxil olmaqla, sənədlərin əslinə əsaslanır ki, bu da məlumatların dəqiqliyini və həqiqiliyini təmin edir.
Nəşrdə “İstiqlal Bəyannaməsini kim qələmə alıb?”, “Milli Şura niyə ilk Azərbaycan parlamenti sayılmalıdır?”, “Azərbaycanın Dövlət Himni ilk dəfə nə vaxt səslənib?”, “Azərbaycanın Dövlət Gerbini kim yaradıb?”, “Kimlər İrəvanın verilməsinə etiraz etmişdilər?” kimi mühüm suallar, eləcə də bir çox digər mövzulara aid çox maraqlı məlumatlar var.
Kitaba, həmçinin 25 orijinal illüstrasiya da daxil olunub ki, bu da nəşrin vizual baxımdan cəlbedicini artırmaqla yanaşı, onu məktəblilər, tələbələr, eləcə də Azərbaycan tarixi ilə maraqlanan hər kəs üçün əlçatan edir.