Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
O əlavə edib ki, bu baxımdan Ursula fon der Lyayenin Bakıya səfəri sadəcə münasibətlərin növbəti mərhələsi deyil, Brüssel-Bakı xəttində keyfiyyətcə yeni siyasi mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir: “Çünki bu səfər bir həqiqəti bir daha üzə çıxardı ki, Avropa artıq Cənubi Qafqazı köhnə siyasi şablonlarla deyil, Bakının yaratdığı yeni reallıqlar prizmasından oxumağa başlayıb”.
Cənubi Qafqazın açarı Bakıdır
Deputat bildirib ki, son illər dünyada və regionda baş verən proseslər Avropa İttifaqını Cənubi Qafqaza münasibətdə daha praqmatik və daha realist yanaşma sərgiləməyə vadar edib: “Ukrayna müharibəsi, enerji təhlükəsizliyi böhranı, qlobal ticarət marşrutlarının dəyişməsi, Şərq-Qərb xəttində yeni geoiqtisadi mərkəzlərin formalaşması və nəhayət, postmünaqişə mərhələsində Cənubi Qafqazın yenidən dizaynı Brüsseli regionda əsas tərəfdaşlarını yenidən müəyyənləşdirməyə məcbur etdi.
Bu gün Avropa Birliyi üçün artıq tam aydındır ki, Bakısız bölgədə nə dayanıqlı sülh mümkündür, nə təhlükəsizlik arxitekturası qurmaq olar, nə də sıx inteqrasiya olunmuş əməkdaşlıq formatı yaratmaq mümkündür. Azərbaycan təkcə coğrafi mövqeyinə görə deyil, həm də siyasi iradəsi, iqtisadi imkanları, enerji resursları, nəqliyyat infrastrukturu və regional təşəbbüskarlığı ilə Cənubi Qafqazın əsas aktoruna çevrilib.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlərdə “görünməmiş dinamika” müşahidə olunur. Dövlət başçısının “əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur” fikri, əslində, yeni mərhələnin siyasi konturlarını cızır. Bu dinamikanın arxasında isə sadə bir həqiqət dayanır: Brüssel artıq Bakının regionda yaratdığı yeni siyasi və geoiqtisadi düzənlə hesablaşır”.
Bakı-Qərblə Şərq arasında yeganə etibarlı bağlantı nöqtəsi
Deputat onu da qeyd edib ki, Ursula fon der Lyayenin bəyanatında xüsusi yer alan əsas tezislərdən biri də Azərbaycanın Qərblə Şərq arasında bağlantı nöqtəsi kimi artan strateji roludur: “Avropa Komissiyasının Prezidenti açıq şəkildə bildirdi ki, Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən mühüm geosiyasi kəsişmədir və “Azərbaycan burada əsas rol oynaya bilər”. Bu, diplomatik kompliment deyil, Brüsselin yeni geosiyasi hesablamasının ifadəsidir.
Əslində, bu gün Avropa üçün Qərblə Şərq arasında alternativ və təhlükəsiz bağlantı xətti axtarışı həyati məsələdir. Rusiya üzərindən keçən marşrutların riskli hala gəlməsi, qlobal ticarət zəncirlərində qeyri-müəyyənliyin artması, Mərkəzi Asiya ilə əlaqələrin dərinləşdirilməsi zərurəti Avropa üçün Orta Dəhlizi və bu dəhlizin əsas qovşağı olan Azərbaycanı strateji əhəmiyyətli ölkəyə çevirib. Bu mənada Bakı artıq təkcə Cənubi Qafqaz paytaxtı deyil; o, Avropa ilə Asiya arasında enerji, logistika, rəqəmsal keçid və siyasi bağlantının mərkəzi halqasına çevrilir.
Məhz buna görə Ursula fon der Lyayen Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanmasını təklif etdi. Onun “Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir” fikri, əslində, Brüsselin Bakının orta güc kimi yüksələn rolunu açıq etiraf etməsi deməkdir. Bu etiraf həm də onu göstərir ki, Azərbaycan artıq sadəcə regional tərəfdaş yox, Avrasiya məkanında geosiyasi və geoiqtisadi proseslərə təsir göstərən mühüm aktordur”.
Rəsmi etiraf
Deputatın sözlərinə görə, Brüssel artıq anlayır ki, Bakısız bölgədə nə dayanıqlı sülh, nə təhlükəsizlik, nə də inteqrasiya olunmuş əməkdaşlıq formatı mümkündür. “Azərbaycan isə bu yeni geosiyasi mənzərədə öz rolunu daha da böyüdür, orta güc statusunu möhkəmləndirir və beynəlxalq münasibətlər sistemində təsir imkanlarını genişləndirir.
Məhz buna görə Brüssel-Bakı münasibətlərinin yeni mərhələsi təkcə ikitərəfli əlaqələrin dərinləşməsi anlamına gəlmir. Bu, həm də Azərbaycanın beynəlxalq sistemdə çəkisinin artması, geosiyasi aktor rolunun güclənməsi və Avrasiya məkanında strateji mərkəzə çevrilməsi prosesinin yeni mərhələyə daxil olması deməkdir. Bakı artıq təkcə regionun deyil, daha geniş coğrafiyanın siyasi və iqtisadi xəritəsini formalaşdıran güc mərkəzlərindən birinə çevrilir. Ursula fon der Lyayenin Bakıya gəlişi isə bu reallığın Avropa səviyyəsində rəsmən etirafı kimi tarixə düşür”, - o vurğulayıb.
Mürtəza