Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dekabrın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA bildiriblər ki, komitənin sədri Azər Əmiraslanov gündəliyə 5 məsələnin daxil edildiyini söyləyib.
Əvvəlcə komitə sədri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyəti barədə məlumat verib, sənədin zəruriliyini qeyd edib.
Layihəyə əsasən, qanuna alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilə bağlı yeni 29-1-ci maddənin əlavə edilməsi təklif olunur.
Həmin maddəyə uyğun olaraq, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək.
Sonra Azər Əmiraslanov “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib.
Layihə bələdiyyə büdcəsinin gəlir və xərclərinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunmasını təsbit edir.