Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Avqustun 27-də Moskvanın mərkəzində Azərbaycan Səfirliyinin qonaq evi qarşısında törədilən təxribat, təəssüf ki, nə birinci hadisədir, nə də sonuncu. Rusiyanın media və informasiya məkanında ölkəmizə qarşı təhdid və təhqir xarakterli çıxışların davamlı şəkil alması, son günlər hətta terrora çağırışla müşayiət olunması artıq ictimailəşmiş faktlardır. Bunların ardınca günün-günorta çağı Səfirliyimizin qonaq evi qarşısında növbəti təxribatın törədilməsinə imkan verilməsi cəmiyyətimizdə haqlı sual yaradır: bu dərəcədə “özfəaliyyət” ola bilərmi?
Hadisədən cəmi 10 gün əvvəl ölkəmizin Baş Prokurorluğu Rusiyanın nəqliyyat nazirinin keçmiş müşaviri də daxil olmaqla üç vətəndaşına qarşı cinayət işi başlayıb və həmin şəxsləri beynəlxalq axtarışa verib, Xarici İşlər Nazirliyi isə rəsmi etirazını bildirib. Münasibətlərin normallaşmasına dair Moskvanın zəmanətini eşitdikdən sonra düşünə bilərdik ki, Azərbaycana qarşı təxribatlara son qoyulacaq, onların hər birinə hüquqi qiymət veriləcək və “bu, Moskvanın rəsmi mövqeyi deyil” kimi diplomatik bəyanatlarla kifayətlənilməyəcək. Təəssüf ki, bu bəyanatdan çox keçməmiş Azərbaycan Səfirliyinin qonaq evi təxribat üçün hədəf seçildi. Cəmiyyətimizdə yaranan haqlı sualın və ictimai qənaətin səbəblərindən biri də elə bununla bağlıdır.
İctimai rəyi formalaşdıran başqa bir fakt isə onunla bağlıdır ki, şimal qonşumuzun Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının tələblərinə əməl etməməsi ilk dəfə deyil. Ukraynadakı Azərbaycan Səfirliyinin ünvanı və dəqiq koordinatları əvvəlcədən Rusiya tərəfinə bildirilsə də, nədənsə məhz bizim Səfirliyin yerləşdiyi ərazi və bilavasitə həndəvəri Rusiyanın hava hücumuna məruz qaldı, Səfirliyin binasına ciddi xəsər yetirildi və bu, bir dəfə baş vermədi.
İndi isə Beynəlxalq Konvensiyanın tələblərinə artıq Moskvanın mərkəzində məhəl qoyulmur. Elə buna görə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 27 avqust 2026-cı il tarixli etiraz bəyanatında iki fikir xüsusi vurğulanır: “Bu qəbuledilməz təxribatın Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etməklə yanaşı, son dövrlərdə Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan çirkin və qərəzli kampaniyanın tərkib hissəsi olduğu istisna edilmir”.
Təxribatların davamlı xarakteri və sonuncu hadisədə Azərbaycan və Ukrayna Prezidentlərinin fotolarının nümayişi düşünməyə əsas verir ki, cəmiyyətin “özfəaliyyət” amilini qəbul etməməsi təsadüfi deyil. Hadisələrin xronologiyası da yalnız faktlar əsasında mühakimə yürütməyə imkan verir. Elə bu məqsədlə Prezident İlham Əliyevin avqustun 20-də Ukraynanın dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Prezident Volodimir Zelenskiyə ünvanladığı təbrik məktubundan bir neçə hissəni xatırlatmaq istərdim: “Zəngin ənənələrə malik Azərbaycan-Ukrayna dostluq əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur... Şübhəsiz ki, müntəzəm görüşlər və təmaslarımız, ölkələrimizin ərazi bütövlüyü və suverenliyi məsələlərində qarşılıqlı dəstəyimiz dövlətlərarası əlaqələrimizin möhkəmlənməsini şərtləndirən əsas amillərdəndir... Biz dost Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik”.
Bu təbrik məktubundan sonra Ukrayna Prezidenti özünün sosial media hesablarında Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür mesajını paylaşdı. Ola bilsin ki, təbrik məktubu və ona reaksiya Rusiyanın siyasi-hərbi elitasında kimlərinsə ürəyincə olmayıb. Lakin onlar da dünyanın qəbul etdiyi böyük həqiqəti görməzdən gələ bilməzlər. Artıq heç kim üçün sirr deyil ki, şimal qonşumuzun hədəfi Ukraynanın ərazi bütövlüyü və suverenliyidir. Rusiyanın informasiya təbliğatını yönləndirənlər və bu təbliğatda iştirak edən şəxslər bilməlidirlər ki, onların yaxın-uzaq qonşuluğunda yerləşən istənilən dövlət 5-ci ilini tamamlamaq üzrə olan Rusiya-Ukrayna müharibəsini həm də öz ölkələrinin suverenliyinə qarşı potensial təhlükə kimi görürlər. Çünki ərazi bütövlüyünün və suverenliyin toxunulmazlığı prinsipi bu dövlətlərin heç biri üçün deklarativ məna daşımır.
Yəni bu, şüar deyil, xalqların arzusunu ifadə edən dövlət seçimidir. Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə bəslənilən münasibət eynilə ölkəmizin Rusiya ilə münasibətlərinin də əsasını təşkil edir. Azərbaycan 35 illik müstəqillik dövründə ən müxtəlif beynəlxalq platformalardan dəfələrlə bəyan edib ki, bu prinsip dövlətimizin qırmızı xəttidir və kimlərinsə istəyindən asılı olmyaraq, Azərbaycan bu məsələdə heç bir istisnanı və ayrı-seçkiliyi qəbul etmir.
Əgər Moskvanın mərkəzində gündüz saatlarında törədilən təxribat Azərbaycanın dövlət siyasətinə pərdə arxasından idarə olunan cavabdırsa, yaxud kimlərsə bununla Rusiya-Azərbaycan əlaqələrinin normallaşması prosesinə mane olmağa çalışırsa, hər iki ehtimala aydınlığı yenə də Rusiya rəsmiləri gətirməlidir. Çünki təxribatlar və terrora çağırışlar, iyrənc qarayaxma kampaniyası və anti-Azərbaycan təbliğatı, mülki təyyarəmizin vurulduğu kimi, ya bilavasitə Rusiya ərazisində baş verir, ya da Ukraynadakı Səfirliyimizə və SOCAR-a qarşı hava hücumlarında olduğu kimi, Rusiya bilavasitə özü iştirak edir.
Azərbaycanın rəsmi mövqeyi, hər zaman olduğu kimi, şəffaf və birmənalıdır. İctimai rəyə gəldikdə isə, törədilən hər təxribat cəmiyyətlərimiz arasında oturuşmuş dialoqu və sağlam münasibətləri tam pozmaq gücündə olmasa da, ölkəmizdən qaynaqlanmayan neqativ tendensiyanın dərinləşməsinə xidmət edir.
Ülvi Quliyev,
Milli Məclisin deputatı