Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
Son günlərdə bazarlarda mal ətinin qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Xüsusilə dana ətinin qiyməti yüksəlib.
Əvvəllər 19-20 manata satılan sümüksüz mal əti indi 21 manata qədər bahalaşıb, sümüklü mal ətinin qiyməti isə 19 manat təşkil edir.
Alıcılar qiymət artımından narazı qalsalar da, satıcılar vəziyyəti artan xərclərlə və bazardakı ümumi şəraitlə əlaqələndirirlər.
Bəs görəsən, qiymət artımına səbəb nədir? Bu artım davam edəcəkmi?
Məsələ ilə bağlı Missiya.Az-a danışan kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli bildirib ki, ətin qiymətindəki artımın bir neçə əsas səbəbi var.
Onun sözlərinə görə, hazırda bəzi bölgələrdə dabaq xəstəliyinin yayılması səbəbilə heyvan bazarlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub: "Bu isə bazarda qiymətlərin yüksəlməsinə səbəb olub.
Eyni zamanda, Gürcüstan da daxil olmaqla bir sıra ölkələrdən heyvan idxalına qoyulan məhdudiyyətlər daxili bazarda ət qıtlığı yaradıb".