Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Maştağa qəsəbəsindəki “maşın qəbristanlığı”nda 30 mindən çox avtomobil toplanıb.
Nazirlər Kabinetinin 2 qərarının qüvvəyə minməsi ilə Azərbaycana gətirilən minik avtomobillərinin istehsal ili 4 ildən 7 ilədək olduqda 400 manat, 7 il və daha çox olduqda isə 700 manat məbləğində sahiblərindən utilzasiya haqqı alınır. Utilzasiya haqları gömrük rəsmiləşdirilməsi zamanı tutulur.
“Yeni Sabah”ın araşdırmasına görə, Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramının icrasına başlanıldığı dövrdən etibarən ümumilikdə 30 mindən çox avtomobil utilizasiyaya təhvil verilərək dövriyyədən çıxarılıb. pizza mizza
Rəsmi qurumların (Baş Dövlət Yol Polisi İdarəsi və "Təmiz Şəhər" ASC) verdiyi son statistikaya əsasən, illər üzrə təhvil verilən nəqliyyat vasitələrinin sayı aşağıdakı kimidir:
2024-cü ildə: 1 966 ədəd;
2025-ci ildə: 19 840 ədəd;
2026-cı ilin ötən dövrü ərzində: 13 330 ədəd.
Köhnə maşınını təhvil verib güzəştli vauçer (sertifikat) əldə edən vətəndaşlardan 1 687 nəfəri güzəştli şərtlərlə yerli istehsal olan yeni avtomobil alıb. Onların hər birinə yerli istehsal avtomobillərin alışı üçün 2000 manatlıq vauçer verildiyini nəzərə alsaq, bu istiqamətdə avtomobil bazarına yönəldilən güzəştin ümumi məbləği təxminən 3,3 milyon manatdan çoxdur.
Yeni avtomobil almaq istəməyən və birbaşa kompensasiyaya üstünlük verən ərizəçilərin bank hesablarına ümumilikdə 1 milyon manatdan çox birdəfəlik pul vəsaiti köçürülüb.
Ümumilikdə, proqram çərçivəsində köhnə avtomobillərini təhvil verən vətəndaşların stimullaşdırılmasına 4,4 milyon manata yaxın ümumi vəsait (həm nağd, həm də vauçer formasında) cəlb edilib.
Xatırladaq ki, nəqliyyat vasitələrinin utilizasiyası prosesinə və bu sahədəki ümumi tənzimləməyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzarət edir.
Nazirliyin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) utilizasiya prosesinin birbaşa idarə edilməsini, utilizatorların reyestrinin aparılmasını və qanunvericiliklə müəyyən edilmiş qaydada vəsaitlərin idarə olunmasını həyata keçirir.
Utilizasiyaya verilməsi üçün onun dövlət qeydiyyatından çıxarılması və üzərində hər hansı məhdudiyyətin (həbs, girov, ödənilməmiş cərimə və s.) olub-olmamasının yoxlanılmasını Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) icra edir.
Utilizasiya haqlarının toplanması və güzəştli vauçerlərin/birdəfəlik ödənişlərin maliyyələşdirilməsi üçün yaradılmış Nəqliyyat vasitələrinin utilizasiyası fonduna nəzarət isə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi (Dövlət Vergi Xidməti və Gömrük Komitəsi vasitəsilə haqların yığılması hissəsində) ilə koordinasiyalı şəkildə həyata keçirilir.