Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“CAS GROUP” MMC şirkəti xarici müğənnilərin Azərbaycanda konsertini təşkil etmək adı ilə bizim və bir çox fiziki şəxslərin pulunu mənimsəyib”.
Bu şikayətlə “Qafqazinfo”ya “AVIA RISE” MMC turizm şirkəti tərəfindən müraciət daxil olub.
Şirkət nümayəndəsinin iddiasına görə,“CAS GROUP” MMC populyar xarici müğənnilərin Bakıda və digər ölkələrdə konsertini təşkil etmək adı altında onlara 21 min 888 manat məbləğində ziyan vurub: “CAS GROUP” MMC-nin nümayəndəsi kimi bizimlə bütün danışıqları Fatimə İmanzadə adlı şəxs aparıb.
O, şirkətin təsisçisi və direktoru Amil Hacıyevin adından ölkəmizdə konsertini təşkil edəcəkləri əcnəbi müğənnilərin aviabilet xərclərinin alınması və qonaqlama xidmətinin göstərilməsi üçün bizim turizm şirkəti ilə müqavilə bağlayıb.
Onlar bizə 57 min manatın 35 min manatını ödəsə də, 2024-cü ilin iyun ayından məbləğin 21 min 888 manatını ödəməkdən boyun qaçırırlar.
“AVIA RISE” MMC-nin müraciətində bildirilib ki, sözügedən şirkət tərəfindən bir çox digər fiziki şəxsin də pulu mənimsənilib: “Onlar populyar rus və türk müğənnilərin ölkəmizdə konsertinin təşkilatçılığı adı altında daha iki fiziki şəxsi də aldadaraq onlarla bağladıqları investor müqaviləsini kobud şəkildə pozublar.
“CAS GROUP” MMC ümumi olaraq hüquqi və fiziki şəxsləri aldadaraq onlara 210 min manat zərər vurub.