Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Turşu məhsullarının açıq qablarda satılması məsələsi gündəmdə olan mövzulardan biridir. Bazarlarda turşuların açıq şəkildə, antisanitar şəraitdə satılması halları tez-tez müşahidə olunur və burada gigiyenik standartlardan danışmaq mümkün deyil. Açıq satışda olan turşuların keyfiyyətinə dair də şübhələr yaranır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında qida eksperti İlkin Şirinov bazarlarda açıq şəkildə satılan turşulardan danışarkən bildirdi.
"Hazırlanan turşular risk qrupuna aid məhsullardandır. Tərkibindəki tərəvəzlər düzgün yuyulmadıqda, istifadə olunan qablar qida üçün nəzərdə tutulmamışsa ciddi təhlükə yaranır. Təəssüf ki, bəzən turşular müxtəlif tikinti materiallarının daşınmasında istifadə olunan qablarda hazırlanır ki, bu da sağlamlıq üçün ciddi riskdir. Digər mühüm məsələ turşulardan zəhərlənmədir. Bildiyimiz kimi, botulizm turşudan zəhərlənmə oksigensiz mühitdə inkişaf edir", - deyə o, qeyd etdi.
Mütəxəssis əlavə etdi ki, botulizm ciddi bir xəstəlikdir və bəzi hallarda ölümlə nəticələnə bilər. Buna görə müsahibimiz istehlakçılara bəzi tövsiyələr etdi:
"Yalnız nəzarətdən keçmiş, baytarlıq sertifikatı olan və markalanmış məhsullardan istifadə edin. Markalanmış məhsul Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin laboratoriya sınaqlarından keçmiş olur və lazım gəldikdə istehlakçının müraciət edə biləcəyi konkret ünvan mövcud olur.
Bu gün bazarlarda və küçələrdə satılan, açıq havada antisanitar şəraitdə təqdim olunan turşulardan hər hansı problem yaransa, şikayət edəcək konkret bir qurum olmur. Çünki bu məhsulları satan şəxslər bir gün bu marketin, sabah digər bir yerin qarşısında, sonrakı gün isə başqa bir bazarın qarşısında satış edir və sonra izsiz yoxa çıxır. Buna görə də, hər bir məhsulun üzərində mütləq markalanma olmalıdır", - deyə İlkin Şirinov vurğuladı.
Xədicə BAXIŞLI