525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərbaycan hüquq sistemində şəxsiyyət hüquqlarının müdafiəsi uzun müddət iki zidd tələbin kəsişməsində formalaşıb: bir tərəfdə insan ləyaqətinin, şəxsi həyatın və reputasiyanın effektiv qorunması ehtiyacı, digər tərəfdə isə söz və məlumat azadlığının ictimai həyat üçün daşıdığı fundamental əhəmiyyət.
Bu tarazlıq çox vaxt mücərrəd prinsip səviyyəsində qalır, məhkəmə praktikasında isə vahid və işlək yanaşma çatışmırdı.
Ali Məhkəmənin plenum qərarı məhz bu boşluğu doldurmağa yönələn konseptual cəhd kimi diqqət çəkir.
Qərarın əsas yeniliyi şəxsiyyət hüquqlarının qapalı və formal siyahı kimi deyil, mahiyyət testinə əsaslanan “canlı institut” kimi təqdim edilməsidir.
Bu yanaşma hüququn rəqəmsal dövrdə üzləşdiyi real çağırışlara cavab verir.
Şəxsi həyat anlayışı artıq yalnız fiziki məkanla məhdudlaşmır; axtarış sistemlərində formalaşan reputasiya, sosial platformalarda yayılan məzmun, onlayn arxivlərdə qalan məlumatlar insanın hüquqi və sosial mövqeyinin ayrılmaz hissəsinə çevrilib”.
Bunu 525.az-a Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev söyləyib.