Bu yanaşma hüququn rəqəmsal dövrdə üzləşdiyi real çağırışlara cavab verir Fond rəhbəri
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərbaycan hüquq sistemində şəxsiyyət hüquqlarının müdafiəsi uzun müddət iki zidd tələbin kəsişməsində formalaşıb: bir tərəfdə insan ləyaqətinin, şəxsi həyatın və reputasiyanın effektiv qorunması ehtiyacı, digər tərəfdə isə söz və məlumat azadlığının ictimai həyat üçün daşıdığı fundamental əhəmiyyət. Bu tarazlıq çox vaxt mücərrəd prinsip səviyyəsində qalır, məhkəmə praktikasında isə vahid və işlək yanaşma çatışmırdı. Ali Məhkəmənin plenum qərarı məhz bu boşluğu doldurmağa yönələn konseptual cəhd kimi diqqət çəkir. Qərarın əsas yeniliyi şəxsiyyət hüquqlarının qapalı və formal siyahı kimi deyil, mahiyyət testinə əsaslanan “canlı institut” kimi təqdim edilməsidir. Bu yanaşma hüququn rəqəmsal dövrdə üzləşdiyi real çağırışlara cavab verir. Şəxsi həyat anlayışı artıq yalnız fiziki məkanla məhdudlaşmır; axtarış sistemlərində formalaşan reputasiya, sosial platformalarda yayılan məzmun, onlayn arxivlərdə qalan məlumatlar insanın hüquqi və sosial mövqeyinin ayrılmaz hissəsinə çevrilib”.
Bunu 525.az-a Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev söyləyib. O vurğulayıb ki, plenumun unudulmaq hüququna, yazışmaların toxunulmazlığına, razılıq olmadan təsvir və səsin yayılmasına, eləcə də texnoloji müdaxilə ilə dəyişdirilmiş kontentə münasibəti məhkəmə düşüncəsinin yeni reallıqlara uyğunlaşdığını göstərir. Sənədin mühüm cəhətlərindən biri də mənəvi zərərin qiymətləndirilməsinə yanaşmadır. Qərar psixoloji sarsıntı ilə iztirab anlayışlarını fərqləndirməklə, məhkəməyə zərərin yalnız subyektiv hiss kimi deyil, insanın psixi və fiziki tarazlığına real müdaxilə prizmasından baxmaq imkanı yaradır. Bu yanaşma təzminatı sadəcə pul kompensasiyası deyil, bərpa və çəkindirmə aləti kimi dərk etməyə şərait yaradır. Eyni zamanda Plenum açıq şəkildə xəbərdarlıq edir ki, kompensasiya nə zərərçəkən üçün əsassız zənginləşmə, nə də zərərvuran üçün dağıdıcı sanksiya xarakteri almalıdır. Bununla belə, qərarın gücü onun potensial risklərini də üzə çıxarır:
“Geniş və elastik anlayışlar məhkəmələr üçün əhəmiyyətli diskresiya sahəsi yaradır. “Pis niyyət”, “təhqiredici forma”, “ictimai maraq” kimi kateqoriyalar mahiyyət etibarilə düzgün olsa da, vahid tətbiq baxımından daha dəqiq meyarların formalaşdırılmasını zəruri edir. Xüsusilə onlayn mühitdə platforma məsuliyyəti, repost və alqoritmik yayılmanın hüquqi qiymətləndirilməsi, texnoloji manipulyasiya olunmuş kontentin sübut standartları yaxın perspektivdə məhkəmə mübahisələrinin əsas istiqamətlərindən birinə çevriləcək. Bu mənada Plenum qərarı qapını açır, lakin həmin qapının arxasında metodiki və presedent əsaslı işin davam etdirilməsinə ehtiyac saxlayır. Nəticə etibarilə, plenum qərarı Azərbaycanda şəxsiyyət hüquqlarının məhkəmə müdafiəsi sahəsində yeni mərhələnin çərçivəsini müəyyən edən əsas sənədlərdən biridir. O, məhkəməni yalnız pozuntunu tanıyan instansiya deyil, eyni zamanda pozuntunu dayandıran, hüquqi tarazlığı bərpa edən və informasiya məkanında ölçülü balans yaradan institut kimi formalaşdırmağa çalışır. Bir qərarın görə biləcəyi ən mühüm iş də elə budur: hüquqi mədəniyyətə abstrakt prinsip yox, tətbiq edilə bilən dil gətirmək”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 21 Yanvar 2026 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















