futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Sabah”ın U-19 komandası Gənclər Liqasında III turda “Borussiya”ya uduzub – 0:2.
Komandanın baş məşqçisi Adino Mustedanaqiç matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Məğlubiyyəti şərh edərdiniz.
– Məğlubiyyəti qəbul etmək həmişə çətindir. Oyundan sonra daha artığını edə biləcəyini düşünür və buna görə məyus olursan. Amma futbolçularımın çıxışından razı qaldım. Meydanda 90 dəqiqə ərzində gərgin mübarizə getdi. “Borussiya” yalnız 73-cü dəqiqədə qol vurmağı bacardı.
“Borussiya” güclü akademiyası olan böyük klubdur. Çox keyfiyyətli futbol nümayiş etdirirlər. Rəqibin əvvəlki qarşılaşmalarını təhlil etmişdik. Oyunlardan birində 5:0 hesablı qələbə qazanmışdılar. Bundan əvvəl isə “Vilyarreal”la üz-üzə gəlmişdilər. Həmin görüşdə məğlub olmalarına baxmayaraq, məncə, meydanda daha yaxşı təsir bağışlayan tərəf onlar idi.
Futbolçularımız bu görüş üçün müəyyənləşdirdiyimiz oyun planını tam şəkildə həyata keçirdilər. Onların meydanda göstərdikləri futboldan məmnunam.
– 3 matçda qol vura bilməmisiniz. Səbəb nədir?
– Təkcə bir səbəb olduğunu söyləmək və bunu təqdim etmək həqiqətən çətindir. Əminliklə deyə bilərik ki, səbəblərdən biri də həmin oyunların xarakteridir. Bəlkə də “Mançester Yunayted”lə görüşü çıxmaq şərtilə, “Slaviya”və “Borussiya” ilə matçlar 90 dəqiqə ərzində gərgin mübarizə şəraitində keçdi və rəqiblər də qarşılaşmalara tam ciddi yanaşırdılar. Bu səviyyəli oyunlarda qol imkanları az olur və yaranan hər fürsətdən maksimum yararlanmaq lazımdır. Qol vurmaq üçün şansınız çox olmur. Belə imkanları qaçırdıqda və ya hücumu sonadək inkişaf etdirərək qol vəziyyəti yarada bilmədikdə, demək olar ki, ikinci şansımız qalmır.
– Geridə qalan matçlarda hansı təcrübəni qazanmısınız?
– Bəli, əlbəttə. Bu turnirin ən müsbət tərəfi və burada iştirakımızdan məmnunluq duymağımızın əsas səbəbi futbolçularımızın qazandığı təcrübədir. Çünki məşqçi kimi hazırlaşa və rəqiblərin oyunlarını izləyə bilərsiniz. Lakin əsas komanda ilə işləməklə gənc oyunçulara çalışmağın fərqi ondadır ki, gənc oyunçuların inkişafı üçün məhz belə təcrübələrə ehtiyac var. Məhz buna görə də oyuna nə qədər hazırlaşsanız və rəqibin nə edəcəyini əvvəlcədən bilsəniz belə, gənc futbolçulara təcrübə qazanmaq və səhvlərdən nəticə çıxarmaq imkanı verməlisiniz. Bu baxımdan, həmin oyunlar bizim üçün olduqca dəyərlidir. Hesab edirəm ki, komandamız bu üç oyun ərzində xeyli inkişaf edib. Əvvəlki cavablarımda da qeyd etdiyim kimi, qarşılaşmaların əksəriyyəti son dəqiqələrədək gərgin və mübarizəli keçib. Bu da onu göstərir ki, rəqiblərimizə layiqli müqavimət göstərmişik. Çempionlar Liqasının bu səviyyəsində iştirak bizə yerli çempionatda qazana bilməyəcəyimiz əvəzolunmaz təcrübə qazandırır.
Şahin Cəfərov