Icma.az, Gununsesi saytına istinadən bildirir.
TikTok-da canlı yayım adı ilə nümayiş etdirilən davranışlar cəmiyyətdə nəyi normallaşdırır?
Sosial şəbəkələrdə, xüsusilə TikTok-da canlı yayımlar zamanı yemək yeyən bəzi şəxslərin davranışları ciddi suallar doğurur.
Təəssüf ki, bəzən adi bir yemək prosesi elə formada nümayiş etdirilir ki, insan istər-istəməz cəmiyyətin mədəni dəyərləri barədə düşünməyə başlayır.
Ağzı dolu halda danışmaq, yeməyi ağıza barmaqlarla itələmək, çeynəmə səslərini nümayiş etdirmək, çay içərkən xortuldamaq və bütün bunları minlərlə insanın qarşısında etmək artıq bəzi canlı yayımların adi mənzərəsinə çevrilib. Üstəlik, bu görüntüləri izləyən, şərh yazan və həvəslə gözləyən kifayət qədər böyük auditoriya var.
Məsələ heç də insanın kamera qarşısında yemək yeməsində deyil. Hər kəsin öz həyat tərzi var və heç kimdən süni davranış tələb olunmur. Ancaq şəxsi vərdişlərlə ictimai məkanda nümayiş etdirilən davranış arasında müəyyən fərq olmalıdır. İnsan öz evində necə rahatdırsa, elə də davrana bilər. Lakin minlərlə insanın qarşısına çıxanda elementar ədəb qaydalarını da nəzərə almaq lazımdır.
Əsl düşündürücü məqam isə budur: vaxtilə uşaqlara süfrə arxasında necə oturmaq, yeməyi necə yemək, danışarkən nələrə diqqət etmək öyrədilirdi. Bu gün isə həmin qaydaların tam əksini nümayiş etdirən bəzi şəxslər minlərlə izləyici toplayır. Belə çıxır ki, bir tərəfdən uşaqlara ədəb öyrədirik, digər tərəfdən isə sosial şəbəkələrdə ədəbsizliyi əyləncə adı ilə təqdim edirik.
Daha qəribəsi odur ki, bu cür davranışlara irad bildirəndə bəzən cavab olaraq şəxsi azadlıq arqumenti səsləndirilir. Halbuki azadlıq hər şeyi etmək və hər şeyi nümayiş etdirmək demək deyil. Mədəniyyət insanın özünü necə aparmasında, başqalarında hansı təəssürat yaratmasında da özünü göstərir.
Sosial şəbəkələrin təsiri təkcə paylaşım edən şəxslə məhdudlaşmır. İnsanlar nəyi çox görürlərsə, zamanla onu adi qəbul etməyə başlayırlar. Əgər bayağılıq diqqət və gəlir gətirirsə, keyfiyyətli məzmun arxa plana keçir, cəmiyyətin zövqü isə tədricən bu mənzərəyə uyğunlaşır.
Ən təhlükəlisi də budur ki, bir müddət sonra problemli davranışın özü deyil, həmin davranışa etiraz etmək qəribə görünməyə başlayır.
Cəmiyyətin mədəni səviyyəsi yalnız insanların nə qədər savadlı olması ilə ölçülmür. Onun hansı davranışları qəbul etməsi, nəyə gülməsi və nəyi nümunə kimi təqdim etməsi də az əhəmiyyət daşımır.
TikTok-da canlı yayım açıb yemək yemək ayıb deyil. Amma izləyici toplamaq naminə elementar ədəb qaydalarını belə nəzərə almamaq və bunu normal hal kimi təqdim etmək düşündürücüdür. Çünki populyarlıq insanı məşhur edə bilər, amma hər məşhur olan davranış mədəniyyət göstəricisi deyil.
Elmar
Gununsesi.info