Icma.az, 525.az portalına istinadən məlumat verir.
Rafiq ƏLİYEV
Fəlsəfə elmləri doktoru, professor
Son vaxtlarda cəmiyyətdə cəhalət problemi geniş müzakirə olunan mövzulardan birinə çevrilib. Əslində ətrafımızda baş verənləri nəzərə alsaq, bunun təsadüfi olmadığını deyə bilərik. Çünki cəhalət hələ də cəmiyyətin mənəvi inkişafına mane törədən ciddi təhlükələrdən biri olaraq qalmaqdadır.
Cəhalət müxtəlif formalarda - dini, siyasi, millətçi və ideoloji səviyyədə təzahür edə bilir. Məhz buna görə də onunla mübarizə aparmaqdan ötrü ilk növbədə mahiyyətini düzgün anlamaq son dərəcə vacibdir. Amma nədənsə əksər insanlar cəhalətin səbəbini dində axtarırlar. Əslində cəhalət insanın yanlış düşüncəölərindən, yersiz şübhələrindən, məsuliyyətsiz əməllərindən doğur. Həqiqi maarifçilik əsla dini elmlə qarşı-qarşıya qoymur. O, dini mövhumatdan, elmi isə təkəbbürdən azad edir. İman, bilik və mənəviyyatın bir-birini tamamladığı cəmiyyətdə heç zaman xürafatçılıq ola bilməz. Dinlə cəhaləti eyniləşdirmək qətiyyən yolverilməzdir. Unutmayaq ki, müəslmanların müqəddəs kitabı olan Qurani-Kərim «Oxu!» əmri ilə başlayır. Bu öz-özlüyündə bəşəriyyətin elmə, biliyə, sağlam düşüncəyə çağırışıdır. Həqiqi iman heç vaxt maarifçiliyin əleyhinə olmayıb. Elmdən sui-istifadə elmin dəyərini azaltmadığı kimi, dini ideyalardan sui-istifadə də dinin əsl mahiyyətini və missiyasını dəyişmir. Həqiqi din insanı elmə, ədalətə, mərhəmətə və mənəvi məsuliyyətə çağırır. Əgər kimsə dini mövhumatı, fanatizmi və ya siyasi maraqları əsaslandırmaq üçün onu vasitəyə çevirirsə, bu, dinin deyil, insanın günahıdır.
Azərbaycanın tarixi də bunu aydın şəkildə təsdiq edir. Böyük maarifçilər heç vaxt dinə qarşı mübarizə aparmayıblar. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Cabir, Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə cəmiyyəti cəhalətdən, ehkamçılıqdan, nadanlıqdan azad etməyə çalışırdılar. Onlar insanın özünə qarşı deyil, onun azad, savadlı və məsuliyyətli şəxsiyyət kimi formalaşmasına mane olan amillərə qarşı mübarizə aparırdılar.
Həqiqi maarifçi günahkar axtarmır, bu bəlanın səbəbləri araşdırır. Çünki səbəbləri aradan qaldırmadan nəticə ilə mübarizə aparmaq heç vaxt fayda verə bilməz. Problemin kökü cəhalətdirsə, onun yeganə çarəsi maariflənməkdir. Bu gün bir vətəndaş olaraq din, elm və dünyəvi dövlətçiliyi bir-birinə qarşı qoymamaq bizim əsas məqsədimiz olmalıdır. Cəhalətdən uzaq cəmiyyət onların hər birinin üstün cəhətlərini seçib vəhdət yaratmağı bacarmalıdır. Dünyəvi dövlət vicdan azadlığını və qanun qarşısında bütün vətəndaşların bərabərliyini təmin edir, elm insan idrakının üfüqlərini genişləndirir, din şəxsiyyətin mənəvi məsuliyyətini möhkəmləndirir, mədəniyyət isə insanın mənəvi kamilliyini formalaşdırır. Onların vəhdəti cəmiyyətin davamlı inkişafı üçün möhkəm zəmin yaradır.
Cəhalətin dini yoxdur. O, dini mühitdə də, siyasətdə də, ideologiyada da, hətta elmin özündə də eyni dərəcədə təhlükəlidir. İnsan başqalarını dinləmək qabiliyyətini itirdiyi, yalnız öz fikrini yeganə həqiqət hesab etdiyi anda cəhalət meydana çıxır.
Azərbaycanın gələcəyi bir-birimizi nə qədər sərt ittiham etməyimizdən deyil, müstəqil düşünən, insan ləyaqətinə hörmət edən, mədəniyyəti yüksək qiymətləndirən və həqiqəti xürafatdan ayıra bilən nəsillər yetişdirməyimizdən asılıdır. Azərbaycanın görkəmli maarifçiləri bizə məhz belə bir yolu miras qoyublar. Bu yol bu gün də cəhalətə qarşı mübarizənin ən etibarlı yoludur. Gələcək daha çox ittiham edənlərə deyil, daha dərindən maarifləndirənlərə məxsusdur.
Tarix dəfələrlə sübut edib ki, cəhalət heç vaxt heç bir cəmiyyəti sivilizasiyaya aparmayıb. Sivilizasiyaları bilik, mədəniyyət, mənəviyyat və insana hörmət yaradıb. Din vicdanı tərbiyə edir, elm təfəkkürü inkişaf etdirir, mədəniyyət isə insanı kamilləşdirərək əsl zirvələrə yüksəldir. Yalnız bu üç başlanğıcın ahəngdar vəhdətində gələcəyə inamla baxa bilən cəmiyyət formalaşır. Buna görə də həqiqi maarifçilik nə dini, nə də elmi inkar edə bilməz. Maarifçilik dinə deyil, cəhalətə qarşı mübarizə üsuludur. Onun yüksək mənəvi missiyası da məhz budur.