Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Ötən yazımızda “Qarabağ”ın legioner transferlərindən və rüsumlarla bağlı limiti keçdiyindən yazmışdıq. Bu dəfə isə “Sabah”la bağlı kiçik araşdırma apardıq.
Misli Premyer Liqasının heyətində ən çox legioner olan klublar arasında “bayquşlar” da var. Ötən mövsüm “qızıl dubl” edən “futuristlər” heyətin “onurğası”nı qoruyub. “Sabah” çempionat üçün 17 legioner sifariş edib. Onların da bir qismi bu yay komandaya qoşulub.
Misli Premyer Liqasında legioner limitinin ləğvindən sonra klubların əcnəbilər üçün ödəməli olduğu rüsum müəyyənləşdirilib.
AFFA İcraiyyə Komitəsinin ötən ilin fevralında keçirilən iclasında ödənişlərlə bağlı belə qərar qəbul edilib:
1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN
“Sabah” son olaraq heyətinə “Zenit”dən Du Keyrosu cəlb edib. Braziliyalı oyunçu artıq Misli Premyer Liqasında debüt edib. O, “Zirə”yə qalib gəldikləri (5:0) matçda ikinci hissədə meydana daxil olub.
“Futuristlər” bu mövsüm əcnəbi futbolçuların sifarişi üçün 785 min manat ödəyib. Tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “bayquşlar” bu uğurda əsas payı məhz legionerlərin hesabına əldə edib. Klubun transfer çalışmaları hələ yekunlaşmayıb. “Pəncərə” bağlananadək daha bir neçə yeni futbolçunun heyətə cəlb olunacağı gözlənilir.
Liqada mövsümə uğurlu start verən “Sabah” 3 oyunda maksimum nəticə əldə edib. Son tura lider kimi daxil olan “Zirə”nin 5 cavabsız qolla məğlub edilməsi komandanın yenidən çempionluğa əsas namizəd olduğunu göstərir. “Bayquşlar” sərgilədiyi oyunla inam verir və bu gedişlə onları kiminsə dayandıracağı çətin görünür.
Şahin Cəfərov