Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Qara Qarayevin, onun müəlliminin və tələbəsinin əsərləri İsveçrədə
Görkəmli bəstəkar, “Şərəf” ordenli Xalq artisti Tofiq Bakıxanova 95 illik yubileyi ərəfəsində Cenevrədən xoş xəbər və dəyərli bir hədiyyə alınıb. Avropanın mədəniyyət mərkəzlərindən olan Cenevrədəki “Salle Frank Martin” zalında “Piano Trio Areal” adlı klassik Azərbaycan və dünya musiqisini birləşdirən debüt albomu təqdim edilib.
Bu münasibətlə təşkil edilmiş konsert proqramında Frank Martinin “İrlandiya xalq nəğmələri üzərində Trio”, Dmitri Şostakoviçin Piano Triosu və Tofiq Bakıxanovun III Piano Triosu səsləndirilib. Konsert ansamblın Kelt xalq melodiyalarından tutmuş Şostakoviçin müharibə dövrü elegiyasına, muğam ritmlərini Qərbin klassik formaları ilə sintez etmiş Tofiq Bakıxanov musiqisinə qədər müxtəlif ənənələri bir araya gətirmək bacarığını nümayiş etdirib.
Göndərilmiş hədiyyə isə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin özünün, onun müəllimi olmuş Dmitri Şostakoviçin (böyük bəstəkarımız 1946-cı ildə Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Dmitri Şostakoviçin bəstəkarlıq sinfini bitirmişdir) və Qara müəllimin sonuncu tələbələrindən birinin – Tofiq Bakıxanovun əsərləri yazılmış musiqi albomudur. Tofiq müəllim dedi ki, həmin albomda onun III Fortepiano Triosunun dünya üzrə ilk səsyazmasının yer alması Azərbaycan musiqisinə Avropada göstərilən marağın təzahürüdür.
Xatırladaq ki, adıçəkilən əsər Azərbaycan musiqi irsinin zənginliyini əks etdirir, həm Şərq, həm də Qərb ənənələri ilə ritmik və melodik bağlara malikdir. Musiqişünasların fikrincə, İsveçrədə ərsəyə gəlmiş yeni albom Tofiq Bakıxanov musiqisinin müxtəlif beynəlxalq festivallarda və böyük konsert salonlarında ifa olunmasına, bununla da onun yaradıcılığının daha geniş auditoriyaya çatmasına təkan verəcək.
Qeyd edilir ki, bu albom Avropada Azərbaycan mədəni irsinin təbliğatçısı kimi tanınan və Cenevrədə fəaliyyət göstərən “Heritage Association”ın dəstəyi və sponsorluğu, eləcə də yenilikçi musiqi layihələrini dəstəkləyən “Odradek Records”la əməkdaşlıq sayəsində ərsəyə gəlib.
İtaliyanın Peskara – Montesilvano şəhərindəki “The Spheres” studiyasında yazılmış musiqini trio üzvləri – gənc və beynəlxalq səviyyədə tanınmış skripkaçı Cəmilə Qarayusifli, violonçel ifaçısı Sandro Mezaros və pianoçu Darya Korotkova ifa etmişlər. Bildirilir ki, onların dərin emosional və təsirli ifası Cenevrə tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılanıb və ansamblın musiqi vasitəsilə mədəniyyətləri birləşdirmək missiyasını bir daha nümayiş etdirib. Vurğulanmalı daha bir məqam ondan ibarətdir ki, bu albomun “Spotify” və “Apple Music” kimi əsas platformalarda, eləcə də ansamblın rəsmi kanalları vasitəsilə dinlənilməsi mümkündür.
Bəstəkar qeyd etdi ki, ötən ilin son ayı onun üçün, sözün həqiqi mənasında, uğurlu olub. Belə ki, həmin müddətdə Bakıdakı “AVE Print” nəşriyyatı (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə) bəstəkarın “Həmişə bizimləsən” simfonik poemasını kitab şəklində nəşr etmişdir. Akademik Rafael Hüseynovun redaktorluğu və ön sözün müəllifliyi ilə ərsəyə gəlmiş yeni kitabda ulu öndər Heydər Əliyevə həsr olunmuş əsər barədə mükəmməl məlumat verilir və həm o böyük siyasət dahisinin həyatı, həm də bəstəkarın yaradıcılığı böyük ustalıqla xarakterizə edilir.
Bəstəkarı məmnun edən başqa bir fakt isə ona Qahirədən yeni bir kitabın göndərilməsidir. Belə ki, qədirbilən misirli ədəbiyyatsevərlər Tofiq Bakıxanovun qızı, filologiya elmləri namizədi, xeyli müddət Qahirədə çalışmış Nigar Bakıxanovanın “Əhməd Şövqinin dramaturgiyası” (bu ərəb şairi öz pyeslərini nəzmlə yazmış, klassik ərəb ədəbiyyatı ənənələri ilə Qərb dramaturgiyasını birləşdirmişdir) adlı elmi əsərini mərhumun vəfatından düz otuz il sonra, növbəti dəfə kitab şəklində ərsəyə gətirmişdir.
İttifaq MİRZƏBƏYLİ