Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cənubi Qafqazda postmünaqişə mərhələsinin hələ tam formalaşmadığı bir dövrdə regiondaxili və regiondan kənar aktorların təşəbbüsləri diqqətlə izlənir. Ermənistanın baş naziri Nikol Paşinyanın Donald Trampın təşəbbüsü ilə yaradılan “Gaza Peace Council”ə qoşulması bölgədə yeni siyasi-diplomatik dinamikanın formalaşdığını göstərir. Bu addımın regional sülh prosesinə və böyük güclərin Cənubi Qafqazdakı diplomatik yanaşmalarına hansı istiqamətdə təsir göstərəcəyi əsas müzakirə mövzularındandır.
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Donald Trampın yaratdığı şuraya qoşulmaq Ermənistan üçün Qərbə yaxınlaşmaq baxımından əsas zəminlərdən biri kimi qiymətləndirilə bilər. Ümumilikdə isə Donald Trampın ABŞ-də hakimiyyətə gəlişindən sonra dünyanın bir çox bölgələrində olduğu kimi, Cənubi Qafqazda da yeni geosiyasi reallıqlar formalaşmağa başlayıb. Artıq Cənubi Qafqaz regionunun ABŞ ilə yaxınlaşması prosesi sürətlənir.
Politoloqun sözlərinə görə, xüsusilə nəzərə alsaq ki, Co Bayden administrasiyası dövründə ABŞ-nin Cənubi Qafqaz siyasətində birtərəfli yanaşma müşahidə olunurdu. Bu dövrdə əsasən Ermənistana daha çox üstünlük verilirdi. Dövlət katibi Entoni Blinkenin və Prezident Baydenin siyasi xətti də əsasən Ermənistan yönümlü idi. Bayden administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətləri gərgin, Gürcüstanla əlaqələr isə kifayət qədər zərərli vəziyyətdə idi. Faktiki olaraq, ABŞ Gürcüstanla münasibətlərdə ciddi səhvlərə yol vermişdi:
"Lakin Donald Tramp hakimiyyətə gəldikdən sonra Tbilisi ilə münasibətlərdə yüksəliş müşahidə olunur. Eyni zamanda Azərbaycanla münasibətlərdə də hazırda yüksək dinamika formalaşıb. ABŞ Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin Vaşinqtonda paraflanması bu prosesin bariz nümunəsidir".
.jpg)
Zeynal Əmrəliyev: Cənubi Qafqaz regionunun ABŞ ilə yaxınlaşması prosesi sürətlənir
Z.Əmrəliyevin fikrincə, paralel şəkildə Trampın adı ilə bağlı olan layihənin - Zəngəzur dəhlizi üzrə təşəbbüslərin gündəmə gəlməsi ABŞ-nin Cənubi Qafqazda təsir imkanlarını gücləndirdiyini göstərir. Bu kontekstdə Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamalarında da müəyyən məntiq var. Donald Trampın hakimiyyəti Cənubi Qafqazda siyasi dinamikanın yeni faktoru kimi çıxış edir:
"ABŞ-nin müttəfiqi kimi regionda iki ölkə arasında əməkdaşlığın genişlənməsi yüksək perspektiv vəd edir. ABŞ-nin Cənubi Qafqaza daha fəal şəkildə qayıtması həm Azərbaycan üçün, həm də regiondakı ümumi təhlükəsizlik və sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Bu proses yeni geosiyasi reallıqların formalaşması və regionda sülh mühitinin möhkəmlənməsi üçün xüsusi imkanlar yaradır".
Zeynəb Rzayeva