Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və Gürcüstan əsrlər boyu əsl dostluq münasibətlərini qoruyub saxlaya bilən, bu əlaqələri daha da inkişaf etdirərək strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağı bacaran qardaş ölkədirlər.
Tarix boyu mehriban qonşuluq şəraitində yaşayan, milli-mənəvi adət-ənənələri birgə zənginləşdirən gürcü və Azərbaycan xalqları özləri, heç bir vasitəçi olmadan nümunəvi və sağlam münasibətləri qoruyub saxlaya biliblər.Müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və müdrik zəkası sayəsində tamamilə yeni mərhələyə daxil olan Azərbaycan-Gürcüstan münasibətləri Prezident İlham Əliyev tərəfindən daha da irəliyə aparılaraq ən yüksək tərəfdaşlıq səviyyəsinə yüksəldi.
Ötən illər ərzində dövlət başçımız Gürcüstana 10-dan çox səfər edib, eləcə də hökumət başçıları, parlament sədrləri, xarici işlər nazirlərinin qarşılıqlı səfərləri davamlı xarakter alıb.
Həmçinin, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyəti intensivləşib.
Bu səfərlər və görüşlər, aparılan faydalı müzakirələr siyasi-iqtisadi, sosial-humanitar təmasları dərinləşdirib, qarşılıqlı etimad və açıq dialoq ruhunu möhkəmləndirərək region üçün örnəkverici platformaya çevrilib.
Azərbaycan-Gürcüstan əlaqələri həm ikitərəfli əsasda, həm də çoxtərəfli formatlarda uğurla inkişaf edir.
Ölkələrimiz beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda hər iki tərəfin milli maraqları naminə mühüm məsələlərdə hər zaman bir-birinə dəstək nümayiş etdirirlər.