Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır. 1978-ci il aprelin 27-si...
Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutan, dilimizin taleyində dönüş nöqtəsi olan bu tarix, təkcə bir konstitusiyanın qəbul günü deyil – milli ruhun, dilə və kimliyə sahib çıxma iradəsinin rəsmi şəkildə təsdiq olunduğu gündür.
Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və prinsipial mövqeyi nəticəsində Azərbaycan dili ilk dəfə olaraq Konstitusiyada dövlət dili kimi təsbit olundu.
Bu, zahirdə sadə görünən, amma əslində böyük siyasi və tarixi cəsarət tələb edən addım idi.
Sovetlər dönəmində rus dilinin dominantlığı fonunda milli dillərin sıxışdırıldığı, hətta bəzi respublikalarda tamamilə arxa plana keçdiyi bir zamanda Azərbaycan dilinə dövlət dili statusu vermək, cəsarətli və riskli qərar idi.
Bu təşəbbüs yalnız dil məsələsi deyildi – bu, milli kimliyin qorunması, xalqın tarixi yaddaşının yaşadılması, özünüdərk hissinin gücləndirilməsi uğrunda atılmış mühüm bir addım idi.
Heydər Əliyev bu qərarı ilə milli ruhun susdurulmasına yönəlmiş səylərə qarşı ciddi müqavimət göstərdi.
O, siyasi təzyiqlərə baxmayaraq, Azərbaycan xalqının dili, mədəniyyəti və varlığı üçün tarixi əhəmiyyət daşıyan bu qərarı qəbul etdirdi.