Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Xaqani Şirvani adına Aran Regional filialında şəhid ailələri, eləcə də rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Abduləziz Xanəhmədoğlunun 12 sentyabr 2022-ci il tarixində düşmənin genişmiqyaslı təxribatının qarşısının alınması zamanı qəhrəmancasına şəhid olmuş gizir Nəzər Ağacəlil oğlu Əzizovun xatirəsinə həsr etdiyi “Cəsur kəşfiyyatçı” adlı kitabının təqdimat mərasimi keçirilib.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərasimi giriş sözü ilə açan Muzeyin Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində əldə olunan möhtəşəm Qələbənin müstəqillik tariximizin ən böyük zəfəri olduğunu, sentyabrın 27-dən başlayaraq cəbhə xəttində işğalçı Ermənistan ordusunun təxribatlarına cavab verən şanlı Azərbaycan Ordusunun qısa zamanda Qarabağ uğrunda başladığımız haqq savaşını Qələbə ilə başa vurmasını, İkinci Vətən müharibəsində qəhrəman oğullarımızın düşmənə sarsıdıcı zərbələr endirərək, onları 27 il işğal altında saxladıqları torpaqlarımızdan qovmasını vurğuladı. O, eyni zamanda, Vətən müharibəsi dövründə və ondan sonraki quruculuq dövründə qələmi ilə müsəlləh əsgərə dönən ziyalılarımızın, şair və yazarlarımızın rolunu dəyərləndirərək, qələmini daim xalqımızın dəyərlərinə, şəhidlərimizin əziz xatirəsinə həsr edən istedadlı söz ustadımız Abduləziz Xanəhmədoğlunun yeni çapdan çıxmış “Cəsur kəşfiyyatçı” kitabının bədii məziyyətlərindən bəhs etdi və şəhidlərimizin adlarının əbədiləşdirilməsi, həyat tarixçəsinin qan yaddaşına köçürülməsi məramı ilə istedadlı şairin oxuculara təqdim olunan kitabının gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində faydalı olacağını vurğuladı.
Şəhid Nəzər Əzizovun anası Cəmafət Əzizova oğlunun şərəfli ömür yolunu əks etdirən poemanı yüksək qiymətləndirərək şəhidlər haqqında yazılan hər bir kitabın onların adlarının əbədiləşdirilməsi, xatirələrdə yaşaması üçün böyük əhəmiyyət kəsb etməsini vurğuladı və kitabın müəllifi Abduləziz Xanəhmədoğluna, redaktoru və ön sözün müəllifi Yaqut Bahadurqızına minnətdarlığını bildirdi.
Mərasimdə şəhid anası Müşgünaz Əliyeva, Simuzər Bağıyeva, Səhər Hüseynova, Roza Qəribova, şəhid xanımı Jalə Mikayılova, Dəyirmanlı kənd tam orta məktəbin müəllimi Daşqın Veyisov, şəhidin dayısı Faiq Baxışov, şairə Yadigar Təvəkgül şəhid adına yazılan hər kəlmənin onların ailəsinə təskinlik verməsindən, hər bir vətən fədaisinin xatirəsinin belə kitablarda əbədiləşərək gələcək nəsillərə ötürülməsinə vacibliyindən bəhs etdilər.
Tədbirdə şəhid Nəzər Əzizova həsr olunan foto və videoçarx nümayiş edildi.
Kürdəmir rayon Mollakənd kənd tam orta məktəbinin şagirdi Behbud Alıyev, şəhər 3 saylı tam orta məktəbin şagirdləri Lamiyə Şahverdiyeva, Alisa İsmayılova, Zəhra Məmmədli poemadan parçalar səsləndirdilər.
Sonda kitabın müəllifi Abduləziz Xanəhmədoğlu muzeyin Aran filialı ilə fəal əməkdaşlığına və vətənpərvərlik mövzusunda yazdığı dəyərli əsərlərə görə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun imzaladığı Fəxri Fərmanla təltif olundu. Şair onun əməyinə göstərilən diqqət üçün muzeyin direktoru akademik Rafael Hüseynova və tədbirin təşkilatçısı Muzeyin Xaqani Şirvani adına Aran regional filialına və iştirakçılara öz minnətdarlığını bildirdi. Sonra poemadan parçalar səsləndirən şagirdlərə də muzeyin direktoru akademik Rafael Hüseynovun imzaladığı Sertifikatlar təqdim olundu.
Axırda “Casur kəşfiyyatçı” kitabı şəhid ailələrinə hədiyyə edildi.
Qabil YUSİFOĞLU
XQ