Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məlumatlara görə, cəmi 56 saat ərzində 16 ağır hərbi yük təyyarəsinin İrana enməsi indiyədək qeydə alınmış ən iri və ən sürətli strateji hava transferlərindən biridir. İranın “Fars” xəbər agentliyinə istinadən yayılan bu məlumat Pekin və Tehran arasında strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini açıq şəkildə nümayiş etdirir. Xüsusilə Çin istehsalı olan Y-20 “Kunpeng” tipli ağır strateji nəqliyyat təyyarələrinin istifadəsi əməliyyatın sıradan logistika daşınması deyil, yüksək səviyyədə planlaşdırılmış hərbi-strateji addım olduğunu göstərir.
Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu hərbi daşınma bir neçə mühüm siyasi və hərbi məqamı ön plana çıxarır: “İlk növbədə, Çin minlərlə kilometr məsafədə yerləşən müttəfiqini qısa zaman ərzində təchiz etmək qabiliyyətinə malik olduğunu nümayiş etdirdi. Bu, Pekinin yalnız regional deyil, artıq qlobal miqyasda hərbi-logistik gücə çevrildiyini göstərir. ABŞ və NATO-nun uzun illərdir üstünlük təşkil etdiyi strateji hava daşınması sahəsində Çinin bu cür nümayişkaranə addımı Qərb üçün ciddi siqnal kimi qəbul olunur.
İkinci mühüm məqam bu əməliyyatın Qərbin Yaxın Şərqdə tətbiq etdiyi sanksiyalar rejiminə açıq meydan oxuma xarakteri daşımasıdır. İran uzun illərdir ABŞ və Avropa İttifaqının sərt iqtisadi və hərbi sanksiyaları altında fəaliyyət göstərir. Lakin Çin bu addımı ilə faktiki olaraq göstərdi ki, Qərbin sanksiya mexanizmləri artıq universal təsir gücünə malik deyil. Pekin öz strateji maraqları naminə bu məhdudiyyətləri nəzərə almadan hərəkət etməyə hazırdır”.
Nicat İsmayılov
Nicat İsmayılov qeyd edib ki, Prezident Si Cinpinin İrana dəstəyinin bu şəkildə nümayiş etdirilməsi təsadüfi deyil: “Son illər Çin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Yaxın Şərqi əsas geosiyasi və iqtisadi həlqələrdən biri kimi görür. İran isə bu strategiyada həm enerji resursları, həm də coğrafi mövqeyi baxımından mühüm yer tutur. Beləliklə, sözügedən hava əməliyyatı təkcə hərbi dəstək deyil, eyni zamanda Çinin uzunmüddətli geostrateji planlarının praktik icrasıdır”.
Politoloqun fikrincə, analitiklərin bu prosesi “oyun dəyişdiricisi” kimi qiymətləndirməsi də məhz bu səbəblə əlaqədardır: “Çin bu addımı ilə anti-Qərb oxunun real güc mərkəzinə çevrildiyini nümayiş etdirir. İran, Rusiya və Çin arasında formalaşan qeyri-rəsmi strateji koordinasiya artıq yalnız diplomatik bəyanatlarla məhdudlaşmır, konkret hərbi və logistik əməliyyatlarla təsdiqlənir. Bu isə ABŞ-ın Yaxın Şərqdə uzun illər ərzində qurduğu təsir mexanizmlərini ciddi şəkildə zəiflədir.
Eyni zamanda, bu hadisə regional təhlükəsizlik baxımından da yeni risklər və suallar yaradır. İranın hərbi imkanlarının sürətlə gücləndirilməsi İsrail, Körfəz ölkələri və Qərb üçün əlavə narahatlıq mənbəyinə çevrilir. Bu, Yaxın Şərqdə onsuz da həssas olan güc balansını daha da mürəkkəbləşdirir və mümkün eskalasiya risklərini artırır”.
“Çindən İrana həyata keçirilən bu misli görünməmiş lojistik əməliyyat müasir beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişikliklərin bariz göstəricisidir. Dünya artıq təkqütblü modeldən uzaqlaşır və yeni güc mərkəzləri açıq şəkildə öz ambisiyalarını ortaya qoyur. Çin bu addımı ilə yalnız İrana deyil, bütün dünyaya mesaj verir. Pekin qlobal siyasətdə passiv müşahidəçi deyil, aktiv və iddialı oyunçudur. Bu reallıq isə yaxın illərdə beynəlxalq təhlükəsizlik və geosiyasi qarşıdurmaların daha da kəskinləşəcəyindən xəbər verir”-deyə Nicat İsmayılov bildirib.
İradə Cəlil, Bizimyol.info