Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pakistanın ikinci ən böyük şəhəri olan Lahor təhlükəli duman səbəbindən dünyanın ən çirkli şəhəri elan edilib.
Yeniavaz.com xəbər verir ki, Beynəlxalq Hava Keyfiyyətinin Monitorinqi təşkilatının məlumatına görə, bazar günü şəhərdə havanı çirkləndirən maddələrin konsentrasiyası 289-a çatıb. Bu göstərici Lahoru dünya şəhərləri arasında hava çirkliliyinin ən yüksək olduğu məkan edib.
Pakistanın şərqində, Hindistanla sərhədə yaxın ərazidə yerləşən Lahor son bir neçə həftədir dünyanın ən çirkli böyük şəhərləri sırasında ilk yerdə qərarlaşır.
Hava şəraitinin kəskin pisləşməsi və görmə məsafəsinin azalması səbəbindən hakimiyyət orqanları bir sıra böyük şəhərləri birləşdirən magistral yolları bağlamaq məcburiyyətində qalıb. Çirklənmənin qarşısını almaq məqsədilə tüstü emissiyası yüksək olan nəqliyyat vasitələrinin sahiblərinə qarşı cərimələr də tətbiq edilib.
Pakistan hakimiyyəti hava çirkliliyinin əsas səbəbləri sırasında sənaye müəssisələrinin tullantılarını, kərpic zavodlarından və avtomobillərdən yayılan tüstünü, eləcə də kənd təsərrüfatı və məişət tullantılarının yandırılmasını göstərir.
Qeyd edək ki, Pakistan qlobal karbon qazı emissiyalarının 1 faizindən azını təşkil etsə də, iqlim dəyişikliyinin təsirlərinə ən çox həssas olan 10 ölkə sırasındadır.