futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
17:00-da Bakıdan uçuş başladı. 5 saatdan sonra Sürix aeroportunda endik.
İsveçrə bizi çiskinli, meyxoş hava ilə qarşıladı.
Bakıda görüşə bilməyənlər burada bir araya gəlib hal-əhval tutdular.
AFFA rəhbərliyi qayğılı (bəlkə də yorğun) görünürdü, lakin Ayxan Abbasovun və məşqçi heyətinin ovqatı pozitiv idi. Millinin əksər oyunçuları da xoş əhval-ruhiyyədə idilər.
Milli komanda Sürixdən İsveçrənin Sent-Qallen şəhərinə yollandı. Biz isə Avstriyanın Dornbirn şəhərinə üz tutduq.
Lixtenşteynlə sərhəddə yerləşən bu şəhərə 2 saata yaxın yol gəldik.
Təxminən 7 saatını yolda keçirdiyimiz günün sonudur. Ətrafda sakitlik hökm sürür. Avropa işləyib, yorulub, indi dərin yuxudadır. Saat yerli vaxtla 22:45-dir, ancaq ictimai iaşə obyektlərinin heç biri açıq deyil.
Məskunlaşdığımız “Şeraton”da şam yeməyi ənənəvi çörək istəyimizlə müşayiət olundu. İllərdir Avropa bunu öyrənmədi ki, biz bir fal çörəklə kifayətlənən xalq deyilik. Hər dəfə təbəssümlə, “əlbəttə” deyən əməkdaşlar növbəti dəfə də istəyimizə səbəb olacaq qədər çörək gətirirdilər süfrəyə.
***
Oyun günü Lixtenşteynə gedib, qayıdacağıq Sürixə. Oradan da Andorraya uçacağıq.
Qarşıdakı 7 gün 5 ölkə (İsveçrə, Avstriya, Lixtenşteyn, Andorra, İspaniya) və 2 oyun; mövzu və təəssürat bolluğu yaşanacaq.
“FutbolPress”i izləyin. İki cırtdan ölkə ilə oyun və ətrafı hərtərəfli işıqlandırılacaq.
Ümid edirik ki, Bakıdakı oyunda qeydə alınan “sülh qəzası”nın (1:1) əvəzi bu dəfə çıxılacaq.
Millətlər Liqası çərçivəsində oynayacağımız Lixtenşteyn matçı qrupu lider kimi başa vurmaq baxımından həyati əhəmiyyət daşıyır.
***
Sürixdən Dornbirnə qədər yol işıqlandırılmamışdı. Bu hal mənə qəribə gəldi.
Avropanın ən bahalı ölkələrindən birində niyə belədir?
Qoy buraları bir az gəzim, araşdırım, bəlkə səbəbi tapdım. Sizinlə də bölüşəcəyəm. Gələn yazılaradək…
Elçin Cəlilov
Sürix (İsveçrə), Dornben (Avstriya)