COP29 çərçivəsində təşkil edilmiş “Dinlər pavilyonu” işini yekunlaşdırıb | Icma.az
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edilən “Dinlər pavilyonu” işini yekunlaşdırıb.
Xalqcebhesi.az “Əl-Əhram” portalına istinadla xəbər verir ki, pavilyonda təşkil olunan tədbirlərdə iqlim ədalətinin təmin edilməsi, qadınların və gənclərin səlahiyyətlərinin artırılması, iqlim dəyişikliklərinin təsirlərinə ən çox məruz qalan qruplara dəstək verilməsi, ekoloji böhranlara qarşı dayanıqlı həllərin tapılması və bu sahədə yerli xalqların ənənəvi biliklərindən faydalanmağın vacibliyi vurğulanıb.
Həmçinin, iqlim böhranına qarşı mübarizədə dinlərarası əməkdaşlığın gücləndirilməsi və insanla təbiət arasında tarazlığın təmin olunması məsələlərinə diqqət yönəldilib.
Qeyd olunub ki, “Dinlər pavilyonu”nda iki həftə ərzində 60-a yaxın dialoq və müzakirə iclası keçirilib.
Bu iclaslarda dünyada 11 din və məzhəbi təmsil edən 97 təşkilatdan 230-dan çox natiq çıxış edib.
Tədbirlər Qafqaz Müsəlmanları İdarəsi, Müsəlman Ağsaqqalları Şurası, Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq və Birgəyaşayış Nazirliyi, BMT-nin Ətraf Mühit Proqramı, COP29-un rəhbərliyi, Həməd Qlobal Sülhü Dəstəkləmə Mərkəzi və Qazaxıstanın Dünya və Ənənəvi Din Liderləri Konfransı ilə əməkdaşlığı çərçivəsində baş tutub.
Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdüssalam çıxışında Azərbaycan Respublikasına və Prezident İlham Əliyevə bu təşəbbüsü dəstəklədiyinə görə təşəkkür edib, Şuranın iqlim səylərində din liderlərinin rolunu artırmaq üçün fəaliyyətlərini davam etdirəcəyini vurğulayıb.
Tam oxu
Xəbəri oxu