Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
25 Noyabr Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan, milli qürur və dövlətçilik iradəsinin təntənəsini əks etdirən əlamətdar tarixlərdən biridir. Bu gün 27 ildən artıq bir dövrdə düşmən əsarətində qalan Kəlbəcərin azad edilməsinin sevinci yaşanır, doğma torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilir, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində qazanılan tarixi Zəfərin əhəmiyyəti bir daha yüksək dəyərləndirilir.
Azərbaycanın qədim tarixə, zəngin təbiətə və özünəməxsus mədəni irsə malik bölgələrindən biri olan Kəlbəcər ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mühüm səhifələrindən birini təşkil edir. Kiçik Qafqazın dağlıq ərazisində yerləşən bu rayon uca dağları, sıx meşələri, saf sulu çayları, mineral bulaqları, zəngin fauna və florası, faydalı qazıntı yataqları ilə seçilir. 1930-cu il avqustun 8-də inzibati rayon statusu alan Kəlbəcər 1936 kvadratkilometr ərazini əhatə edir.
Kəlbəcər təkcə təbii gözəllikləri ilə deyil, həm də minilliklərə söykənən tarixi və mədəni irsi ilə Azərbaycanın qiymətli bölgələrindən biridir. Rayon ərazisində aşkarlanan qədim yaşayış məskənləri, qayaüstü təsvirlər, tarixi-memarlıq abidələri və məzarlıqlar bu diyarın zəngin keçmişindən xəbər verir. Xudavəng monastır kompleksi, Alban dövrünə aid dini-memarlıq nümunələri və digər tarixi abidələr Kəlbəcərin Azərbaycan xalqının çoxəsrlik mədəni irsindəki yerini müəyyənləşdirir.
Bu diyarın təbiəti və tarixi sərvətləri onun iqtisadi və turizm potensialının formalaşmasında da mühüm rol oynayır. İşğala qədər Kəlbəcərdə heyvandarlıq, arıçılıq, əkinçilik, xalçaçılıq və digər ənənəvi təsərrüfat sahələri inkişaf etmişdi. Yaylaq və qışlaq heyvandarlığı üçün əlverişli şərait, zəngin otlaq sahələri, meşə və su ehtiyatları rayon sakinlərinin həyatında mühüm əhəmiyyət daşıyırdı. Rayon həm də özünəməxsus folkloru, sənətkarlıq ənənələri, elat mədəniyyəti və qonaqpərvər insanları ilə tanınırdı.
Qanla yazılmış tarix
Kəlbəcərin tarixində ən faciəli səhifələrdən biri 1993-cü il aprelin 2-də yazıldı. Qarabağın dağlıq hissəsindən kənarda yerləşən bu rayonun həmin tarixdə işğalı xalqımıza qarşı həyata keçirilən hərbi təcavüzün və etnik təmizləmə siyasətinin ağır nəticələrindən biri oldu. Dinc əhaliyə qarşı törədilən cinayətlər, yaşayış məntəqələrinin dağıdılması, insanların doğma yurdlarından zorla çıxarılması nəticəsində Kəlbəcərin sosial-iqtisadi və demoqrafik həyatına ağır zərbə vuruldu.
İşğal nəticəsində 516 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü, 58 min rayon sakini doğma torpaqlarından didərgin salındı. Kəlbəcərin 130 yaşayış məntəqəsi, sosial infrastrukturu, təhsil və səhiyyə müəssisələri, mədəniyyət ocaqları, yaşayış evləri dağıdıldı. Eyni zamanda, 37852 hektar meşə sahəsi, zəngin təbii ehtiyatları və faydalı qazıntı yataqları talan edildi. Xüsusilə qızıl yataqlarının qanunsuz istismarı işğal dövründə bölgənin sərvətlərinin mənimsənilməsinin acı nümunələrindən biri oldu.
Ermənistanın işğal dövründə həyata keçirdiyi dağıntılar və qanunsuz fəaliyyətlər rayonun maddi-mədəni irsinə də ciddi zərər vurdu. Azərbaycan xalqının tarixi yaddaşının ayrılmaz hissəsi olan qədim abidələrin bir qismi dağıdıldı, digər hissəsinin isə memarlıq xüsusiyyətləri dəyişdirilərək onların mənşəyinin saxtalaşdırılmasına cəhd göstərildi. Xüsusilə Alban-xristian irsinə aid abidələrin erməniləşdirilməsi cəhdləri işğalçı siyasətin mədəniyyət sahəsindəki təzahürlərindən idi.
Kəlbəcərin işğalı beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olundu. BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamə ilə hərbi əməliyyatların dayandırılmasını və işğalçı qüvvələrin Kəlbəcərdən, eləcə də Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etdi. Sonrakı illərdə qəbul edilmiş digər qətnamələrdə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi dəstəklənsə də, həmin sənədlərin icrası təmin olunmadı.
Lakin Azərbaycan dövləti və xalqı heç vaxt torpaqlarının işğalı ilə barışmadı. Ölkəmiz bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzün bərpasını prioritet məsələ kimi gündəmdə saxladı, güclü iqtisadiyyat və müasir ordu quruculuğu istiqamətində ardıcıl siyasət həyata keçirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın hərbi, iqtisadi və diplomatik imkanları əhəmiyyətli dərəcədə gücləndirildi.
Qarabağ Zəfərinin diplomatik təntənəsi
2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları 44 günlük Vətən müharibəsinə çevrildi. Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı, xalqımızın milli həmrəyliyi və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması müharibənin taleyini müəyyənləşdirən mühüm hadisə oldu.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsinin mühüm nəticələrindən biri idi. Həmin sənədə əsasən, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonundan çıxarılması və rayonun Azərbaycana təhvil verilməsi qərara alındı. Nəticədə, noyabrın 25-də Kəlbəcər rayonu bir güllə atılmadan, hər hansı hərbi itki verilmədən Azərbaycanın nəzarətinə qaytarıldı.
Bu hadisə Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyır. Çünki Kəlbəcərin azad edilməsi təkcə əraziyə nəzarətin bərpası deyil, həm də Azərbaycan dövlətinin hərbi meydanda qazandığı üstünlüyü diplomatik müstəvidə də reallaşdırmaq imkanının göstəricisi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz öz ərazi bütövlüyünün bərpası istiqamətində qarşıya qoyduğu məqsədlərə nail oldu.
Kəlbəcərin azad edildiyi gün dövlətimizin başçısının xalqa müraciətində səsləndirdiyi “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun!” sözləri uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların qəlbində böyük sevinc və ümid yaratdı. Bu müraciət həm də məcburi köçkünlərin öz evlərinə qayıdacağı yeni mərhələnin başlanğıcını ifadə etdi.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinə xidmət etdi. Artıq hər il qeyd olunan bu gün Kəlbəcərin azadlığının, milli birliyimizin və dövlət suverenliyimizin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.
Vandallıq üzərində dirçəliş
Kəlbəcər işğaldan azad ediləndən sonra qarşıda duran əsas vəzifələrdən biri rayonun yenidən qurulması, infrastrukturunun bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışının gerçəkləşdirilməsi idi. Dövlətimizin başçısının tapşırıq və göstərişləri əsasında bu istiqamətdə genişmiqyaslı layihələrin icrasına başlanıldı.
2021-ci il avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Kəlbəcərə səfəri rayonun gələcək inkişafı baxımından mühüm hadisə oldu. Dövlətimizin başçısı burada Azərbaycan bayrağını ucaltdı, ərazidə ermənilərin törətdikləri dağıntılarla tanış oldu və aparılacaq quruculuq işlərinin əsas istiqamətlərini müəyyənləşdirdi.
Prezident İlham Əliyev səfər zamanı Ermənistanın işğal dövründə Kəlbəcərdə törətdiyi dağıntılara diqqət çəkərək bildirdi ki, rayonun yaşayış və inzibati binaları məhv edilib, işğalçı ərazini tərk edərkən belə, ağacları kəsib, yandırıb, tikililəri dağıdıb. Dövlət başçısının bu fikirləri işğalın yalnız hərbi-siyasi deyil, həm də ekoloji və humanitar nəticələrini bir daha nümayiş etdirirdi.
Bununla belə, Azərbaycan dövləti Kəlbəcərin gələcəyini dağıntılar üzərində deyil, müasir şəhərsalma prinsipləri, dayanıqlı inkişaf və insanların rifahı əsasında qurmaq strategiyasını müəyyənləşdirdi. İlk növbədə, rayonun nəqliyyat, enerji, su və digər kommunal infrastrukturu yenidən qurulmağa başlandı.
2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması isə rayonun həyatında yeni mərhələnin əsasını qoydu. Şəhərə 162 ailənin qayıdışı təmin edildi. Uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz evlərinə dönməsi Kəlbəcərin yenidən dirçəlişinin ən sevindirici nəticələrindən birinə çevrildi.
Kəlbəcərdə bərpa işlərinin mühüm istiqamətlərindən biri də kəndlərin yenidən qurulmasıdır. Bu baxımdan Zallar kəndinin bərpası xüsusi diqqət çəkir. 2023-cü il mayın 27-də Prezident İlham Əliyev Kəlbəcər rayonunun Zallar kəndində olub, yaşayış məntəqəsinin təməlini qoyub. Layihəyə əsasən, kənddə, ümumilikdə, 487 ailənin məskunlaşması nəzərdə tutulub. Kəndin salınması üçün 20 illik perspektiv və sonrakı inkişaf imkanları nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb.
Beləliklə, Kəlbəcərin azad edilməsi və yenidən qurulması Azərbaycan dövlətinin tarixə, milli-mənəvi dəyərlərə və vətəndaşlarına münasibətinin mühüm göstəricisidir. Bu proses bir daha təsdiqləyir ki, torpaqlarımızın düşmən əsarətindən xilas olunması ilə bağlı qarşıya qoyulan məqsədlər təkcə hərbi qələbə ilə məhdudlaşmır. Əsas hədəf doğma torpaqlarda həyatın bərpası, insanların öz evlərinə qayıtması, iqtisadi potensialın yenidən reallaşdırılması və bölgənin gələcək nəsillər üçün inkişaf etmiş yaşayış məkanına çevrilməsidir.
Vaqif BAYRAMOV
XQ