Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Monteneqronun Bar Limanı Orta Dəhlizə qoşula bilər. Avropa ilə Mərkəzi Asiya arasında yeni logistika qapısı Astanada keçirilən görüşdə Monteneqro Prezidenti Yakov Milatoviç və Qazaxıstanın Baş naziri Oljas Bektenov Monteneqronun Bar limanının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) inteqrasiyası perspektivlərini müzakirə ediblər”.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev özünü “Facebook” səhifəsində yazıb.
O bildirib ki, bu təşəbbüs Azərbaycanın da strateji rolunu daha da gücləndirir:
“Bar limanının Orta Dəhlizə qoşulması Mərkəzi Asiya ilə Cənubi və Mərkəzi Avropa arasında yeni multimodal logistika zəncirinin formalaşmasına imkan yarada bilər. Bu isə yükdaşımaların şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlığının artırılması və Avropa bazarlarına çıxışın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bar limanının Orta Dəhlizə inteqrasiyası marşrutun coğrafiyasını daha da genişləndirəcək.
Hazırda əsas yük axını Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə istiqamətində hərəkət edir. Adriatik dənizində yerləşən Bar limanının bu zəncirə qoşulması Balkan ölkələrinə, İtaliya və Mərkəzi Avropa bazarlarına daha qısa və çevik çıxış imkanları yaradacaq.
Bu təşəbbüs Azərbaycanın da strateji rolunu daha da gücləndirir. Çünki Orta Dəhlizin əsas tranzit halqalarından biri məhz Azərbaycanın dəmir yolu və Xəzər dənizi liman infrastrukturu, xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır.
Görüşdə tərəflər logistika ilə yanaşı, aqrar-sənaye sahəsində əməkdaşlığı da müzakirə ediblər. Qazaxıstan Monteneqroya buğda, un, yağlı toxumlar və emal olunmuş kənd təsərrüfatı məhsullarının ixracını artırmağa hazır olduğunu bildirib.
Orta Dəhlizin yeni Avropa limanları ilə genişlənməsi marşrutun rəqabət qabiliyyətini artırmaqla yanaşı, Xəzər regionunun qlobal ticarətdə rolunu daha da möhkəmləndirəcək”.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin