Danışarkən məsuliyyətli olmaq ən vacib məsələdir

23.11.2026

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Sosial media və süni intellekt dövrünün yaratdığı yeni reallıqlardan biri də budur ki, düşünmədən danışan insanların sayı getdikcə artır. Ancaq hər bir cəmiyyətin inkişafı onun düşünən insanlarının sayının artmasından yox, düşüncəsini məsuliyyətə çevirən insanların çoxalmasından bilavasitə asılıdır. Bəli, danışarkən məsuliyyətli olmaq ən vacib məsələdir. Biz önəmli ictimai məsələlərlə bağlı ağlımıza və ağzımıza gələni danışa bilmərik. Cəmiyyətdə parçalanmaya səbəb ola bilən, milli birliyimizə zərbə vuran fikirləri sosial media platformaları və internet televiziyaları üzərindən sağa-sola səpələməyə ixtiyarımız yoxdur. Ağzımızdan çıxardığımız hər bir sözün məsuliyyətini hiss etməliyik, danışa bilmiriksə danışmamalıyıq, çıxış xatirinə çıxış üçün efirlərə can atmamalıyıq.
Lakin çox təəssüf ki, ziyalı saydığımız, intellektual kimi tanıdığımız bəzi insanlarımızın cəmiyyətdə ajiotaj və çaşqınlıq yaradan açıqlamaları onu göstərir ki, sözün məsuliyyəti anlayışı heç də hər kəs üçün keçərli deyil. Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin bugünlərdə mədəniyyət məsələləri ilə bağlı çıxışı zamanı “İstanbula getmədi şax, Şuşaya gəldi mat. Bu böyük siyasətdir” ifadəsini səsləndirməsi, politoloq Mübariz Əhmədoğlunun isə İranın molla rejiminin Gürcüstandakı soydaşlarımıza qarşı həyata keçirdiyi dini ekspansiya siyasətindən və İrəvandakı Göy məscidimizə qarşı mənfur erməni-fars təxribatlarından danışarkən "qırmızı xətt"i keçərək bütün Borçalı kişiləri və qadınları ilə bağlı emosional ifadələr işlətməsi də məhz sözün məsuliyyəti ilə bağlı xoşagəlməz nümunələrdir.
İşin əslinə baxsaq, əslində, hər iki natiq sözügedən çıxışlarında ölkəmiz üçün, cəmiyyətimiz üçün çox vacib, aktual məsələlərə toxunmuş, təxirəsalınmaz tədbirlərin zəruriliyini bildirmişdilər. Lakin onların emosiyaya qapılaraq çərçivələrdən kənara çıxmaları və ehtiyatsız (mən deyərdim ki, hətta yersiz) ifadələr işlətmələri son nəticədə, toxunduqları məsələlərin önəminə, aktuallığına da kölgə saldı. Bu isə çox ciddi problemdir. Çünki cəmiyyətin diqqəti mühüm məsələnin özündən yayınaraq işlədilən yersiz ifadənin yaratdığı qalmaqala yönəlir. Nəticədə, əsas fikir arxa plana keçir, ictimai müzakirə isə faydalı nəticə vermək əvəzinə qarşıdurma və qarşılıqlı ittiham müstəvisinə sürüklənir. Halbuki ictimai xadimin, ziyalının, alim və ya ekspertin sözünə diqqət yetirilməsinin əsas səbəbi onun emosional danışması deyil, məsələni faktlara, məntiqə və məsuliyyət hissinə söykənərək izah etməsidir.
Fikir azadlığı heç də hər insanın istənilən sözü ürəyi istəyən formada söyləməsi demək deyil. Azadlığın ayrılmaz tərəfi məsuliyyətdir. Əlbəttə, hər bir kəs öz ictimai düşüncələrini sərbəst ifadə edə bilər, cəmiyyətin və ya rəsmi qurumların, ayrı-ayrı şəxslərin fəaliyyətini tənqid edə bilər, narahatlıq doğuran məsələləri gündəmə gətirə bilər. Ancaq bütün bunları təhqirə, ayrı-seçkiliyə, etnik və dini qarşıdurmanı qızışdırmağa, bütöv bir toplumu hədəfə almağa çevirmək yolverilməzdir. Tənqid konkret fakta, qərara və davranışa yönəlməlidir, insanların şəxsiyyətinə, milli kimliyinə, dini inancına və ya kollektiv mənsubiyyətinə deyil.
Xüsusilə də efirdən çoxsaylı izləyicilər qarşısında danışan şəxslər bunu unutmamalıdırlar ki, onların hər bir cümləsi minlərlə, bəzən isə milyonlarla insan tərəfindən eşidilir. Yazılı mətnə yenidən baxmaq, səhv ifadəni düzəltmək və ya konteksti izah etmək nisbətən mümkündür. Canlı efirdə səslənən söz isə bir anda yayılır, müxtəlif platformalarda qəsdən kontekstdən çıxarılır və bəzən ilkin niyyətdən tamamilə fərqli məna qazanır. Bu səbəbdən ictimai çıxış edən insan öz sözünün yalnız həmin an yaratdığı təsiri deyil, onun sonrakı nəticələrini də əvvəlcədən düşünməlidir.
Məsuliyyətli danışmaq susmaq, mövqesiz qalmaq və cəmiyyət üçün mühüm mövzulara münasibət bildirməmək demək deyil. Əksinə, bəzən ən çətin məsələlər barədə danışmaq lazımdır. Lakin bu zaman emosiyanı faktın, ittihamı sübutun, şüarı isə əsaslandırılmış təklifin əvəz etməsinə imkan vermək olmaz. Cəmiyyətin ehtiyacı aqressiv ritorikaya deyil, aydın mövqeyə, sağlam təhlilə və çıxış yollarına yönələn müzakirələrədir. Bu mənada, ictimai rəyə təsir imkanları böyük olan insanlar bilməlidirlər ki, nüfuz təkcə danışmaq haqqı vermir, həm də əlavə öhdəlik yaradır. Adi bir şəxsin ehtiyatsız ifadəsi ilə tanınmış ziyalının və ya ekspertin məsuliyyətsiz açıqlaması eyni nəticəni doğurmur. Çünki ikinci halda sözün təsir dairəsi daha geniş olur, insanlar həmin fikirləri daha ciddi qəbul edir və müxtəlif qruplar bu cümlələrdən öz məqsədləri üçün istifadə edə bilirlər. Buna görə də nüfuzlu şəxslər özlərini yalnız fərdi mövqenin sahibi kimi deyil, həm də ictimai etimadın daşıyıcısı kimi aparmalıdırlar.
Bu gün ölkəmizin qarşısında duran məsələlər kifayət qədər ciddi, mürəkkəb və çoxşaxəlidir. Mədəniyyət, milli kimlik, tarixi irs, dini təsirlər, regional təhlükəsizlik və informasiya müharibəsi kimi mövzulara münasibət bildirərkən yüksək peşəkarlıq və xüsusi həssaslıq tələb olunur. Belə məsələlər sadə şüarlarla, emosional ifadələrlə və qarşı tərəfi təhqir etməklə həll olunmur. Əksinə, bu cür yanaşma problemin mahiyyətini pərdələyir, cəmiyyətin diqqətini əsas hədəfdən yayındırır və onsuz da həssas olan münasibətləri daha da gərginləşdirir. Ona görə də, zənnimcə, hər birimiz danışmazdan əvvəl özümüzə mütləq bu suallları verməliyik: Dediyim söz faktlara əsaslanırmı? Bu ifadə məsələnin həllinə kömək edəcəkmi? Mən problemi göstərirəm, yoxsa sadəcə emosiyamı boşaldıram? Sözlərim insanları düşünməyə vadar edəcək, yoxsa onları bir-birinə qarşı qoyacaq? Əgər bu suallara cavab vermədən danışırıqsa, deməli, fikir bildirməkdən çox, səs-küy yaratmaq, sosial şəbəkələrdə bəyənmə yığmaq məqsədini güdürük.
Cəmiyyətə bu gün daha çox danışan insanlar deyil, sözünün çəkisini bilən insanlar lazımdır. Düşünmək vacibdir, amma düşüncəni məsuliyyətli şəkildə ifadə etmək daha vacibdir. Çünki bəzən bir cümlə illərlə qurulan etimadı zədələyə, bir ifadə bütöv bir toplum haqqında yanlış təsəvvür yarada, bir ehtiyatsız söz isə həqiqətən də arzuolunmaz nəticələrə səbəb ola bilər. Söz insanın ən güclü vasitələrindən biridir. Ondan körpü salmaq üçün də, uçurum yaratmaq üçün də istifadə etmək mümkündür. Seçim isə hər birimizin öz əlindədir. Təmkin və məsuliyyət üzərində qurulan ictimai danışıq mədəniyyəti formalaşmadan cəmiyyətimizin informasiya məkanında sağlam mühit yaratmaq mümkün deyil. Odur ki, hər kəs, xüsusilə də cəmiyyət qarşısında danışan insanlar bilməlidirlər: söz azadlığı ilə bərabər, sözün məsuliyyəti də var.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью