Icma.az, Olke.az portalına istinadən məlumat verir. “Son illərdə qlobal miqyasda baş verən proseslər bir həqiqəti açıq şəkildə ortaya qoydu:
Onilliklər boyu kağız üzərində mövcud olan beynəlxalq hüquq normaları real siyasətdə təsir mexanizmini itirib.
Dünya yeni, daha sərt və daha amansız mərhələyə daxil olub”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri deyib ki, bu reallığı ilk və açıq şəkildə ifadə edən liderlərdən biri Azərbaycan Prezidenti İlham Əliyevdir: “O, Davos İqtisadi Forumunda “Euronews” telekanalına müsahibəsində və yüksək səviyyəli görüşlərdə birmənalı şəkildə bəyan etdi: beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur və bu erada artıq hüququn aliliyi deyil, güc hökmranlıq edir.
Bu, sadəcə siyasi müşahidə deyil. Bu, qlobal sistemə qoyulan diaqnozdur.
Necə deyərlər beynəlxalq hüququn iflası və illüziyaların sonu… Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altındakı əraziləri ilə bağlı qəbul etdiyi dörd qətnamə 30 il ərzində kağız üzərində qaldı.
ATƏT, Avropa strukturları, müxtəlif beynəlxalq vasitəçilik mexanizmləri, hamısı fəaliyyətsiz oldu.