Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müasir beynəlxalq münasibətlər sistemində sözün çəkisi azalmayıb, əksinə, doğru zamanda deyilən söz dövlətlərin gələcək trayektoriyasını müəyyən edir.
Davosda Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə də məhz bu baxımdan diqqət mərkəzindədir.
Bu çıxış qlobal xaos şəraitində Azərbaycanın siyasi düşüncəsini, davranış modelini və strateji prioritetlərini açıq şəkildə ortaya qoyur.
Cənab Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi əsas tezislərdən biri beynəlxalq hüququn faktiki olaraq selektiv alətə çevrilməsi ilə bağlı idi.
Dövlət başçısı reallığı gizlətmədən ifadə etdi: “Artıq beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq görünmür”.
Bu cümlə diplomatik ritorikadan daha çox, qlobal sistemin diaqnozudur.
Güc mərkəzlərinin maraqları ilə hüququn prinsipləri arasında yaranmış uçurum bu gün bir çox regionda münaqişələrin əsas səbəbinə çevrilib.