Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Dekabrın 22-də İsveçrənin Davos şəhərində regional sabitlik və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyan “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədi imzalanıb. Beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan bu tədbirə Azərbaycan Prezidenti İlham Əliyev də rəsmi dəvət alıb. Sazişin imzalanmasından sonra Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü baş tutub. Görüşdə ABŞ-nin Azərbaycanla münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Bu görüş Azərbaycan-ABŞ münasibətlərində etimadın güclü olduğu kimi dəyərləndirilir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bidirdi ki, Qərbin, xüsusən Avropa strukturlarının onillərdir aşılamağa çalışdığı dəyərlərin fiaskoya uğraması fonunda Amerika-Azərbaycan münasibətlərinin inkişafı əslində ötən dövr ərzində Azərbaycanın özünün prinsipial və qəti mövqeyində tam mənada haqlı olduğunu göstərməkdədir:
"Məlumdur ki, Trampa qədərki ABŞ administrasiyasının Azərbaycana münasibəti nəinki ümumbəşəri dəyərlərlə uzlaşmır, üstəlik Vaşinqtonun özünün də xarici siyasətinin düzgün prioritetlərini əhatələmir və Amerikanın maraqlarına xidmət etmirdi. Demokratlarla eyni ideologiyanı bölüşən və faktiki olaraq Sorosun şəbəkəsinin cənginə aldığı Avropa geosiyasi coğrafiyası da məhz bu yanlış tezisləri özünün xarici siyasət kursunda rəhbər tutduğu üçün demokratların fiasko aqibətini davam etdirməyə məhkum oldu. Hazırda Tramp hakimiyyəti dövründə ABŞ ilə Avropa arasında gərginləşən münasibətlər, o cümlədən Bakı ilə Vaşinqton arasında əlaqələrin strateji səviyyəyə qədəm qoyması bu mənada ötən dövrdə müşahidə olunan geosiyasi prosesləri, həmçinin ABŞ və Avropanın Azərbaycanla münasibətlərinin yol xətirəsini daha aydın formada qiymətləndirməyə imkan verir. Trampın Cənubi Qafqazda ABŞ-nin baxışına kardinal formada dəyişiklik etməsi, Azərbaycana bərabərhüquqlu tərəfdaşlıq zəminində potensial strateji müttəfiq kimi baxması, buna paralel olaraq isə Avropa strukturlarının, o cümlədən Avropa Parlamentinin hələ də Azərbaycana hücum siyasətini dayandırmaması əslində "qoca qitə"nin Qafqaz siyasətinin fiaskosunun bariz göstəricisidir. Davosda Prezident Trampın çox az saylı liderlərlə təkbətək görüşü fonunda cənab İlham Əliyevə xüsusi diqqət yetirməsi və ayrıca ikitərəfli görüş, o cümlədən sosial media hesabları üzərindən Prezident İlham Əliyevə təşəkkür etməsi Bakının yeni geosiyasi reallığın qalib tərəfi mövqeyini daha da gücləndirməkdə olduğunu nümayiş etdirir".
Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov da mövzu ilə bağlı fikirlərini Redaktor.az ilə bölüşdü. Onun sözlərinə görə, Amerika-Azərbaycan münasibətləri gözümüzün önündə yüksələn xəttlə inkişaf edir:
"Donald Tramp ilə cənab Prezident İlham Əliyev arasında olan şəxsi münasibətlər, eyni zamanda dövlətlərarası əlaqələr də ardıcıl şəkildə möhkəmlənir. Bu da cənab prezidentin uğurlu xarici siyasətinin nəticəsidir və təqdirəlayiq haldır. Həm prezidentlərin bir-birinə münasibəti, həm də ABŞ-nin dövlət olaraq Azərbaycana münasibəti olduqca müsbət istiqamətdə inkişaf edir. Bu proses yüksələn xətt üzrə davam edir və bunu alqışlamaq lazımdır. Vitse-prezidentin Azərbaycana səfərinin gözlənilməsi də iki ölkə arasında münasibətlərin inkişaf etdiyinin bariz nümunəsidir. Eyni zamanda prezident Trampın İlham Əliyev haqqında səsləndirdiyi müsbət fikirlər də bunu bir daha təsdiqləyir. Bu onu göstərir ki, həm prezidentlər səviyyəsində, həm də dövlətlərarası münasibətlər çərçivəsində əlaqələr çox uğurla inkişaf edir və yüksələn xətt üzrə davam edir. Bu da, şübhəsiz ki, alqışlanmalı bir haldır".
Nuriyyə NATİQQIZI
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.