Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan liderinin informasiya savaşı xarici təxribatları zərərsizləşdirirdi Prezident İlham Əliyev Vətən müharibəsi günlərində dünyanın nüfuzlu media orqanlarına verdiyi müsahibələrdə “dəmir məntiq”ə əsaslanan arqumentləri ilə işğalçının bu sahədə apardığı yalan, heç bir həqiqətə əsaslanmayan böhtan dolu təbliğatını alt-üst edirdi.
Təkcə bu dövrdə 30-dan artıq xarici KİV-in suallarını cavablandıran dövlətimizin başçısı Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırmaqla ölkəmiz haqqında dünya ictimaiyyətində müsbət rəy formalaşdırırdı.
İllərlə davam edən Qarabağ münaqişəsi, müharibənin başlama səbəbləri, gedişi barədə analitik şərhlərlə, eləcə də qərəzli, təxribat xarakterli suallara verdiyi təmkinli, səbirli, eləcə də əsaslandırılmış cavablarla Ermənistanın işğalçı, təcavüzkar mahiyyətini açıb göstərdi, terrorun bu ölkə tərəfindən dövlət səviyyəsində dəstəkləndiyini sübuta yetirdi.
2020-ci ilin payızında 44 gün davam edən Vətən müharibəsi yalnız cəbhədə deyil, həm də informasiya meydanında böyük mübarizə ilə yadda qaldı.
Azərbaycan Ordusu torpaqlarımızı azad edərkən dövlətimizin başçısı siyasi və diplomatik müstəvidə, xüsusilə beynəlxalq informasiya məkanında əsl mübarizə aparırdı.
Prezident İlham Əliyevin məhz həmin dövrdə informasiya diplomatiyası Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında həlledici rol oynadı.
Qısa müddətdə dövlət başçısı “BBC”, “CNN”, “Al Jazeera”, “Euronews”, “France 24”, “TRT”, “Russia Today”, “RIA Novosti” və digər aparıcı media qurumlarına verdiyi müsahibələr informasiya məqsədi daşımaqla yanaşı, həm də strateji əhəmiyyətə malik idi.