“Dəmir məntiq” “Dəmir yumruğ”a siyasi dəstək qazandırırdı
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan liderinin informasiya savaşı xarici təxribatları zərərsizləşdirirdi
Prezident İlham Əliyev Vətən müharibəsi günlərində dünyanın nüfuzlu media orqanlarına verdiyi müsahibələrdə “dəmir məntiq”ə əsaslanan arqumentləri ilə işğalçının bu sahədə apardığı yalan, heç bir həqiqətə əsaslanmayan böhtan dolu təbliğatını alt-üst edirdi. Təkcə bu dövrdə 30-dan artıq xarici KİV-in suallarını cavablandıran dövlətimizin başçısı Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırmaqla ölkəmiz haqqında dünya ictimaiyyətində müsbət rəy formalaşdırırdı.
İllərlə davam edən Qarabağ münaqişəsi, müharibənin başlama səbəbləri, gedişi barədə analitik şərhlərlə, eləcə də qərəzli, təxribat xarakterli suallara verdiyi təmkinli, səbirli, eləcə də əsaslandırılmış cavablarla Ermənistanın işğalçı, təcavüzkar mahiyyətini açıb göstərdi, terrorun bu ölkə tərəfindən dövlət səviyyəsində dəstəkləndiyini sübuta yetirdi.
2020-ci ilin payızında 44 gün davam edən Vətən müharibəsi yalnız cəbhədə deyil, həm də informasiya meydanında böyük mübarizə ilə yadda qaldı. Azərbaycan Ordusu torpaqlarımızı azad edərkən dövlətimizin başçısı siyasi və diplomatik müstəvidə, xüsusilə beynəlxalq informasiya məkanında əsl mübarizə aparırdı. Prezident İlham Əliyevin məhz həmin dövrdə informasiya diplomatiyası Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında həlledici rol oynadı. Qısa müddətdə dövlət başçısı “BBC”, “CNN”, “Al Jazeera”, “Euronews”, “France 24”, “TRT”, “Russia Today”, “RIA Novosti” və digər aparıcı media qurumlarına verdiyi müsahibələr informasiya məqsədi daşımaqla yanaşı, həm də strateji əhəmiyyətə malik idi. Ümumiyyətlə, ölkə rəhbəri hər bir müsahibəsində Ermənistanın təcavüzkar, işğalçı siyasətini ifşa edir, eyni zamanda, beynəlxalq hüquqa və tarixi ədalətə söykənən Azərbaycan mövqeyini əsaslandırırdı.
Prezident İlham Əliyevin müsahibələrinin uğuru onun emosiyaya deyil, məhz “dəmir məntiq”ə və sübutlara söykənməsi ilə bağlı idi. Azərbaycan lideri hər sualı, hətta qərəzli və təxribat xarakterli olmasına baxmayaraq sakitliklə, əsaslandırılmış arqumentlərlə cavablandırırdı. Dövlət başçısı beynəlxalq ictimaiyyətin diqqətini illərlə davam edən işğal faktına, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin reallaşdırılmayan qətnamələrə yönəldirdi. O, bu yolla Ermənistanın “məzlum xalq” obrazı ilə gizlətdiyi təcavüzkar siyasəti diqqətə çatdırırdı.
Respublika rəhbərinin hər cavabı həm hüquqi, həm siyasi, həm də mənəvi müstəvidə Azərbaycanın üstün mövqeyini təsdiqləyir, münaqişənin başlanma səbəblərini və savaşın gedişini sadə, anlaşılan, eyni zamanda, dərin məzmunla izah edir, auditoriyaya hadisələrin real mahiyyətini çatdırırdı. Bununla da dövlət başçısının informasiya siyasəti nəticəsində dünya ictimaiyyətinin illərlə yanlış məlumatlar əsasında formalaşan təsəvvürü dəyişirdi. Beynəlxalq auditoriya Qarabağ münaqişəsinin mahiyyətinin dini və etnik qarşıdurma ilə bağlı olmadığını, Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən qaynaqlandığını anlayırdı. Prezident İlham Əliyevin çıxışlarında, müsahibələrində bu həqiqət faktlarla sübut olunur, münaqişənin kökləri, 1988-ci ildən bəri baş verən hadisələrin ardıcıllığı aydın şəkildə izah edilirdi.
Xatırladaq ki, əgər əvvəllər beynəlxalq mediada “Azərbaycan hücum edir” kimi qərəzli başlıqlara rast gəlinirdisə, artıq müharibənin ortalarından etibarən vəziyyət dəyişdi, aparıcı media qurumları dövlət başçısının arqumentlərinə istinad etməyə, Azərbaycan tərəfinin mövqeyini obyektiv şəkildə diqqətə çatdırmağa başladı. Bu, informasiya cəbhəsində qazanılmış mühüm strateji qələbə idi.
Prezident İlham Əliyevin müsahibələrində dövlət başçısının qətiyyətli, eyni zamanda, təmkinli, emosiyasız, prinsipial liderliyi xüsusi diqqət çəkirdi. Azərbaycan rəhbəri suallara cavab verərkən faktlara əsaslanır, əksər hallarda qarşı tərəfin təxribatını ifşa edirdi. Bu, ölkə Prezidentinin əsl dövlət rəhbəri olaraq uzaqgörənliyindən, müdrikliyindən xəbər verir, eyni zamanda, Azərbaycanın beynəlxalq hüququn bərpası, ərazi bütövlüyünün gerçəkləşdirilməsi uğrunda haqq mübarizəsi apardığını göstərirdi. Yeri gəlmişkən, respublikamızın informasiya cəbhəsində reallaşdırdığı bu mübarizə dövlətin kommunikasiya modelinin təkmilləşməsinə də yol açdı. Prezident İlham Əliyevin şəxsində informasiyanın necə dövlət maraqlarına xidmət göstərə biləcəyi nümunəsi yaradıldı.
Onu da qeyd edək ki, Ermənistan illər boyu beynəlxalq aləmdə özünün qurban obrazını formalaşdırmağa çalışmışdı. Lakin müharibə dövründə bu mif Azərbaycan liderinin məntiqli, sübutlu çıxışları qarşısında dağılırdı. Dünya auditoriyası görürdü ki, əslində, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, etnik təmizləmə həyata keçirib, mülki əhaliyə qarşı müharibə cinayətləri törədib. Dövlət başçısının müsahibələrində bu faktlar, necə deyərlər, beynəlxalq hüquq dili ilə təqdim edilərək, Ermənistanın bütün iddialarının əsassızlığını diqqətə çatdırdı, həm tarixi, həm hüquqi, həm də siyasi baxımdan qarşı tərəfin saxtakarlıqlarını ifşa etdi.
Burada mühüm bir məqamı da xatırlatmaq istərdik. Prezident İlham Əliyev Vətən müharibəsi günlərində dünyanın nüfuzlu media orqanlarına verdiyi müsahibələrlə bərabər, xalqa da müntəzəm müraciətlər edir və bu, beynəlxalq aləmdə Ermənistanın işğalçılıq siyasəti, eləcə də terrorçu dövlət olması haqqında aydın təsəvvür yaradırdı. Bu müraciətlər, eyni zamanda, Azərbaycan xalqını daha da birləşdirir, müharibənin gedişatına və taleyinə güclü təsir göstərirdi. Hər bir müraciət növbəti qələbənin müqəddiməsinə çevrilirdi. Yeri gəlmişkən, Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-də – Vətən müharibəsinin başlandığı gün xalqa ilk müraciətində bütün cəmiyyəti “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, – deyə qəti qələbəyə köklədi.
2020-ci il oktyabrın 4-də xalqa ikinci müraciətində dövlətimizin başçısı Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə apardığını, döyüş meydanında əsgər və zabitlərimizin qəhrəmanlıq göstərdiyini, işğalçıya sarsıdıcı zərbələr endirdiyini, düşməni yerinə oturtduğunu, canı-qanı bahasına torpaqlarımızdan qovduğunu bildirərək dedi: “Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində – 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar”.
Dövlətimizin başçısı daha sonra ermənilər tərəfindən dağıdılan bütün şəhərlərimizin, məscidlərimizin bərpa olunacağını, bu bölgələrə həyatın qayıdacağını, işğalçının saxtalaşdırdığı yaşayış məntəqələrinin tarixi adlarının bərpasının tamamilə başa çatdırılacağını əminliklə vurğulayıb. Azərbaycan Prezidenti xalqa üçüncü – 2020-ci il oktyabrın 9-dakı müraciətində status-kvonun artıq olmadığını və təmas xəttinin yarıldığını elan etdi: “Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini… Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz”. Ölkə rəhbəri 2020-ci il oktyabrın 17-də xalqa növbəti müraciətində isə raket hücumlarına məruz qalan Azərbaycanın dinc şəhərlərinin Ermənistanın terrorizmi və vandalizmi ilə üzləşdiyini diqqətə çatdıraraq dedi: “Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik”.
Azərbaycan lideri 2020-ci il oktyabrın 20-də xalqa beşinci müraciətində isə Vətən müharibəsində əldə edilən uğurların düşünülmüş və vaxtında atılmış addımların nəticəsi olduğunu, tələskənliyin yolverilməzliyini diqqətə çatdırdı: “Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabımda işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik”.
2020-ci il oktyabrın 26-da xalqa altıncı müraciətində dövlət başçısı Azərbaycanın həlledici qələbəyə yaxın olduğunun müjdəsini verdi: “Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik”.
Nəhayət, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfər günündə – 2020-ci il noyabrın 8-də və Ermənistanın kapitulyasiya aktı – “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” imzalananda – 2020-ci il noyabrın 10-da xalqa müraciətlərində də respublikamızın ədalətli mövqeyini, xalqımızın ötən 30 illik bir dövrdə işğalla barışmadığını və ərazi bütövlüyü uğrunda sarsılmaz əzm göstərdiyini bir daha diqqətə çatdırdı. Prezident İlham Əliyev rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclərin Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə vurğuladı.
Azərbaycan lideri informasiya cəbhəsində müsahibələri ilə Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına xətt çəkdiyini də xatırlatdı: “Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm. O müsahibələrdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik”.
Prezident İlham Əliyev yuxarıda sözügedən müsahibələri, müraciətləri ilə həm xalqımızda tarixi Qələbəyə əminliyi gücləndirdi, həm də dünya ictimaiyyətini Azərbaycanın Vətən savaşında atdığı bütün addımların beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığını, intiqamımızın işğalçıdan alındığını, eyni zamanda, Ermənistandan fərqli olaraq ordumuzun mülki vətəndaşlara toxunmadığını, düşmənin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılara yol vermədiyini bildirdi.
Vaqif BAYRAMOV
XQ


