Dəmiri daha yaxşı mənimsəmək üçün qidaları necə hazırlamalıyıq?

18.11.2026

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dəmir çatışmazlığı dünyada ən geniş yayılmış qida çatışmazlıqlarından biridir. Xüsusilə uşaqlar və reproduktiv yaşda olan qadınlar bu problemlə daha çox üzləşirlər. Lakin orqanizmin kifayət qədər dəmir alması yalnız hansı qidaları qəbul etməyimizdən deyil, onları necə hazırlamağımızdan və hansı məhsullarla birlikdə yeməyimizdən də asılıdır.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, mütəxəssislər bəzi qidaların düzgün hazırlanmasının dəmirin orqanizm tərəfindən mənimsənilməsini əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəyini bildirirlər.

Dəmir orqanizmdə oksigeni toxuma və orqanlara daşıyan hemoqlobinin istehsalı üçün vacib mineraldır. Bu mineralın çatışmazlığı yorğunluq, halsızlıq və təngnəfəslik kimi əlamətlərlə özünü göstərə bilər.

Şərqi İngiltərə Universitetinin mineral mübadiləsi üzrə professoru Syuzan Ferzer-Teyt qanazlığının qarşısını almaq üçün düzgün qidalanmanın vacibliyini vurğulayır.

Qidalardakı dəmir iki formada olur. Heme dəmir əsasən ət və dəniz məhsullarında, qeyri-heme dəmir isə bitki mənşəli qidalarda mövcuddur. Orqanizm heme dəmiri daha asan mənimsəyir. Bu dəmirin təxminən 15-30 faizi sorulduğu halda, bitki mənşəli qidalardakı qeyri-heme dəmirin mənimsənilmə səviyyəsi daha aşağıdır. Məsələn, quru paxlalılardakı dəmirin təxminən 2 faizi, yarpaqlı tərəvəzlərdəki dəmirin isə 7-9 faizi mənimsənilir.

London Kral Kollecinin qidalanma elmləri üzrə baş müəllimi Yemisi Latunde-Dada qeyd edir ki, ət istehlakının azaldılması zamanı rasionda alternativ dəmir mənbələrinin olması xüsusilə vacibdir.

Mütəxəssislərin fikrincə, dəmirin mənimsənilməsini yaxşılaşdırmaq üçün ilk növbədə qidaların hazırlanma qaydasına diqqət yetirmək lazımdır. Məsələn, ispanaq, pazı və çuğundur yarpaqları oksalatlarla zəngindir. Bu maddələr dəmirlə birləşərək onun orqanizm tərəfindən mənimsənilməsini çətinləşdirə bilər. Tərəvəzlərin qaynadılması oksalatların bir hissəsinin suya keçməsinə və dəmirin daha yaxşı mənimsənilməsinə kömək edir.

Lakin bu üsul bütün tərəvəzlərə aid deyil. Kahı, kələm və bok-çoy kimi tərəvəzləri çiy və ya buxarda bişirilmiş formada yemək daha məqsədəuyğundur. Bu, onların tərkibindəki C vitamininin qorunmasına kömək edir.

Dəmirlə zəngin qidaları C vitamini ilə birlikdə qəbul etmək də faydalıdır. C vitamini bitki mənşəli qidalardakı dəmirin mənimsənilməsini artırır. Buna görə də yeməklərə limon suyu əlavə etmək və ya qida ilə birlikdə portağal şirəsi içmək tövsiyə olunur.

Digər faydalı üsul fermentləşdirilmiş qidalara üstünlük verməkdir. Fermentasiya prosesi taxıl, qoz-fındıq və toxumlarda olan fitin turşusunun miqdarını azalda bilər. Bu maddə dəmirin mənimsənilməsinə mane olur. Məhz buna görə də mütəxəssislər adi çörək əvəzinə turş mayalı çörəyə üstünlük verməyi məsləhət görürlər.

Bununla yanaşı, yalnız dəmirlə zənginləşdirilmiş məhsullara güvənmək də düzgün deyil. Çörək və səhər yeməyi üçün nəzərdə tutulan bəzi taxıl məhsullarına əlavə dəmir qatılsa da, istifadə olunan dəmir formaları orqanizm tərəfindən hər zaman yaxşı mənimsənilmir. Professor Syuzan Ferzer-Teytin sözlərinə görə, dəmirlə zənginləşdirilmiş məhsulların əksəriyyətindən orqanizm kifayət qədər dəmir ala bilmir.

Yemək zamanı içilən içkilər də dəmirin mənimsənilməsinə təsir göstərir. Çay və qəhvənin tərkibindəki taninlər və polifenollar bu prosesi zəiflədə bilər. Buna görə də dəmirlə zəngin yeməklərlə birlikdə çay və qəhvə içmək məsləhət görülmür. Mütəxəssislər çay içmək istəyənlərə yeməkdən ən azı iki saat sonra bu içkiyə üstünlük verməyi tövsiyə edirlər.

Dəmirin gün ərzində kiçik porsiyalarla qəbul edilməsi də vacibdir. Çünki orqanizm birdəfəyə çox miqdarda dəmir qəbul etdikdə onun mənimsənilməsini azalda bilər. Professor Syuzan Ferzer-Teytin sözlərinə görə, insan gündəlik ehtiyacını ödəsə belə, orqanizm həmin miqdarın yalnız 1-2 milliqramını mənimsəyə bilər. Bu isə tərləmə və menstruasiya kimi proseslər zamanı itirilən dəmirin əvəzlənməsi üçün vacibdir.

Bitki mənşəli qidalar arasında paxlalılar, tünd yaşıl yarpaqlı tərəvəzlər, quru meyvələr, qoz-fındıq və toxumlar yaxşı dəmir mənbələri hesab olunur. Məsələn, 100 qram noxudda 2 mq, brokolida 1 mq, günəbaxan tumunda 6,4 mq, tofuda 1,2 mq, mal ətində isə 3,6 mq dəmir var. 30 qram günəbaxan tumu isə təxminən 1,9 mq dəmir ehtiva edir.

Mütəxəssislər dəmir preparatlarından istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməyi tövsiyə edirlər. Çünki orqanizmdə dəmir balansının qorunması vacibdir və bu mineralın həddindən artıq qəbulu da sağlamlıq üçün arzuolunan deyil.

Günay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью