Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) və “Azərxalça” ASC-nin şəhərimizə qələn xarici qonaqlar və yerli sakinlər üçün həm Xəzər dənizi tarixinin, həm Azərbaycan xalçaçılıq sənətinin incə nümunələrini özündə birləşdirən ortaq layihəsi “Xəzərin qoruyucuları: Mayaklar və xalçalar” sərgisini təqdim edəcək.
Demokrat.az xəbər verir ki, bu gündən etibarən ilin sonuna kimi təşkil olunacaq sərgi Bakı Limanının mədəniyyət mərkəzi sayılan Dəniz Vağzalında keçirilir.
Kolleksiyaya Bakı Limanının xüsusi sifarişi ilə bu tədbir üçün “Azərxalça” ASC-nin Xaçmaz emalatxanasında toxunmuş Xəzərin sahilindəki 8 mayakı əks etdirən “Amburan”, “Abşeron”, “Şüvəlan”, “Çilov”, “Nargin (Böyük Zirə)”, “Lənkəran”, “Səngi Muğan”, “Kür dili” kimi xalçalar aiddir.
Eyni zamanda, “Azərxalça” ASC-yə aid 3 xalça – “Çələbi”, “Çələbi Bərdə” və “Qasımuşağı” xalçaları da iştirakçılara təqdim ediləcək.
Sərgi həm xalçaçılıq sənətinin, həm də Xəzər sahillərində tarix və irs işığı olan mayakların qorunmasının vacibliyini ön plana çıxarır, izləyicilərə mədəniyyət və tariximizin bu iki mühüm aspekti arasında möhkəm əlaqəni hiss etdirməyə çalışır.
Sərgidə xalçalarla yanaşı, Azərbaycan dənizçilik tarixini əks etdirən və Bakı Limanına aid eksponatlar da öz yerini alır.
“Xəzərin qoruyucuları: Mayaklar və xalçalar” sərgisinin açılış mərasimində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin sədri Taleh Ziyadov çıxış edərək Azərbaycanın dəniz irsi sayılan mayaklar haqqında qısa məlumat verib və iştirakçıların diqqətinə çatdırıb ki, bu irsin tarixinin qorunub saxlanılması üçün uzunmüddətli araşdırmaları və faktları özündə əks etdirən “Mayaklar” adlı kitab da hazırlanıb.