Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
"Son illərdə Kürdəmir rayonunda bir neçə müasir məktəb binaları tikilib, bəzi məktəb binaları əsaslı təmir olunub. Yeni istifadəyə verilən məktəblər ən müasir avadanlıqlarla təchiz edilmiş buna uyğun olaraq yerlərdə təhsilin səviyyəsi də artıb. Lakin rayon ərazisində əsaslı təmirinə və ya tikintisinə zəruri ehtiyac duyulan qəzalı və istismara az yararlı məktəb binaları hələ də mövcuddur".
Redaktor.az xəbər verir ki, bu barədə deputat Əminə Ağazadə parlamentdə büdcə müzakirələri zamanı bildirdi.
Onun sözlərinə görə, rayonun Karrar qəsəbə Elxan Zülfüqarov adına, Şirvan Pirli 2 saylı şəhər tam orta məktəblərinin tikintisinə ciddi ehtiyac vardır. Rayon üzrə ən yüksək nəticələr göstərən şagirdlər də elə həmin məktəblərdəndir. Təhsilin dövlətimiz üçün daim prioritet olduğunu nəzərə alaraq Kürdəmir rayonuna yeni məktəb binalarının tikintisinin diqqətdə saxlanmağınızı xahiş edirəm.
Növbəti məsələ isə Kürdəmir rayon uşaq incəsənət məktəbi ilə bağlıdır. Mən ötən illərin büdcə müzakirələri zamanı da bu haqda məsələ qaldırmışdım və Nazirlər Kabinetinə müraciət etmişəm. Onu da bildirmək istəyirəm ki, Kürdəmir rayon uşaq incəsənət məktəbi ölkədə azsaylı tədris müəssisələrindəndir ki, musiqi fənni ilə başqa eyni zamanda rəssamlıq və rəqs fənni də tədris edir. Bu məktəbdə təhsil alan uşaqlar regional müsabiqələrdə yüksək nəticələr əldə etməklə yanaşı, sonradan təhsillərini ölkənin ali incəsənət ocaqlarında da davam etdirirlər. Yetişən gənc nəslin mədəni-mənəvi inkişafında əvəzsiz rolu olan rayon uşaq incəsənət məktəbi üçün yeni binanın inşa edilməsini rayon əhalisi adından xahiş edirəm.
Hamımıza məlumdur ki, rayon əhalisinin təsərrüfat fəaliyyətində yol infrastrukturu ən vacib məsələlərdəndir. Son illər Kürdəmir rayonunun bir çox kəndlərinə yeni yollar çəkilib, nəqliyyat layihələri icra edilib.
Kürdəmir rayonunun Qarabucaq, Təklə və digər yaşayış məntəqələrindəki yolsuzluq problemi kənd əhalisinin təsərrüfat fəaliyyətində ciddi ziyan vurur. İstehsal edilmiş məhsulların mövcud bazarlara çıxışına imkan vermir. Bu baxımdan gələn ilin dövlət büdcəsində yuxarıda adları çəkilən yaşayış məntəqələrinə yolların çəkilməsini nəzərdə tutulmasını xahiş edirəm", - deyə o yekunlaşdırdı.
Aminə ŞAHSUVARQIZI