Icma.az bildirir, Bizimyol portalına istinadən.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Rövşən Muradov bildirib ki, Azərbaycanın ümumi ərazisinin 11,8%-i meşələrlə örtülüdür: “Azərbaycanın ümumi ərazisinin 86,6 min kvadrat kilometrindən 11,8%-i (1021 min hektar) meşələrlə örtülüdür. Meşələr ekoloji mühitin əsas tərkib hissəsi olaraq iqlim dəyişmələrinin, səhralaşmanın, bioloji müxtəlifliyin azalmasının qarşısının alınmasında və atmosfer qaz balansının qorunmasında mühüm rol oynayır. Eyni zamanda onlar ölkənin sosial-iqtisadi, mədəni və müdafiə sahələrinin inkişafına da təsir göstərir.
Ölkəmizdə meşələrin qorunması məqsədilə bir neçə əsas tədbir həyata keçirilir:
Meşələrin vəziyyəti öyrənilir, inventarlaşdırma aparılır və yeni meşə quruluşu layihələri hazırlanır;Qanunsuz ağac kəsilməsi və digər meşəqırmaların qarşısı alınır, fitosanitar vəziyyət müəyyən edilərək xəstəlik və ziyanvericilərdən qoruma tədbirləri görülür;Yeni əkinçilik qaydalarına uyğun, tez böyüyən meşə plantasiyaları salınır və bərpa olunan meşə ehtiyatlarından səmərəli istifadə edilir;Açıq sahələrdə yeni meşəliklər (tinglik sahələr) salınır, toxum tədarük edilir, tinglər yetişdirilir və mövcud seyrək meşəliklər bərpa olunur.Bu sahədə ölkəmizdə kifayət qədər qanunvericilik aktları və normativ sənədlər qəbul edilmişdir. Bunlara Azərbaycan Respublikasının Konstitusiyası, Meşə, Cinayət və İnzibati Xətalar Məcəllələri, Yaşıllıqların mühafizəsi haqqında, Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunlar, prezident fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları və digər hüquqi aktlar daxildir.
Təəssüflə qeyd olunmalıdır ki, Ermənistanın təcavüzü nəticəsində meşələrimizə ciddi ziyan dəyib. Zərərin aradan qaldırılması məqsədilə yuxarıda qeyd olunan tədbirlər plan üzrə mərhələli şəkildə həyata keçirilməlidir”.
Günel Həsənova, Bizimyol.info