Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, 2 aylıq sınaq müddətində iş vaxtı 3 müxtəlif rejimdə (08:00-17:00, 09:00-18:00 və 09:30-18:30) və hər rejim üzrə işçilərin 30%-dən az olmaması şərtilə təşkil edilib.
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov saytımıza bildirib ki, iş qrafikinin dəyişməsi Bakıda nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı dövlət proqramında nəzərdə tutulan 57 tədbirdən biridir:
“İş qrafikinin dəyişdirilməsinin paytaxt ərazisində tıxacları ciddi şəkildə aradan qaldıracağını gözləmirəm. Tədbirlər planında nəzərdə tutulan digər fəaliyyətlər çərçivəsində bütün işlər yerinə yetirilərsə, əlbəttə ki, bu, səmərə verə bilər. Lakin yalnız iş qrafikinin dəyişdirilməsi ciddi nəticə verməyəcək”.
Ekspertin fikrincə, proqramda nəzərdə tutulan bəzi tədbirlərin icrası bir qədər çətin görünür:
“Məsələn, bu gün tıxaca ən çox səbəb olan amillərdən biri təhsil müəssisələridir. Səhər məktəblərin önündə övladlarını təhsil müəssisəsinə gətirən valideynlərə görə uzun tıxaclar yaranır. Proqramda məktəb avtobuslarının təşkili nəzərdə tutulsa da, bunun icrası çətindir. Bu, o zaman mümkün olur ki, şagirdlər məktəbin olduğu əraziyə yaxın yaşayırlar. Şəhərin mərkəzində olan məktəbə Hövsan, Masazır, Əhmədli, Sabunçu rayonundan gələn şagirdlər var”.
“Dəyişkən iş qrafikinin müəyyən səmərəsi olsa da, bütövlükdə, tıxacları aradan qaldırmayacaq. Dəyişkən qrafikin 2 aylıq sınaq müddətindən sonra da tətbiq edilib-edilməyəcəyi nəticədən asılı olacaq. Ola bilər ki, müddətin sonunda tıxacların cüzi azaldığı, lakin tıxac saatlarının artdığı müşahidə olunsun”, - S.Məmmədov əlavə edib.
Əmək məsələləri (əmək hüququ) üzrə hüquqşünas Emin Kiçikbəyov isə bildirib ki, dəyişkən qrafiklə iş rejimi bir sıra xarici ölkələrdə tətbiq olunur: “Yaponiya, Çin, Almaniya kimi böyük dövlətlərdə bu cür iş rejimləri mövcuddur”.
Ekspert qərarı insan hüquqları baxımından müsbət dəyərləndirdiyini deyib və layihənin müvəqqəti yox, daimi tətbiqinin əlverişli olacağını əlavə edib. Eləcə də, qurum rəhbərlərinin işçilərə münasibətdə iş qrafikinə əməl etməməsi halında işçilərin bilməli olduğu məqamlara diqqət çəkib: “İşçini daha çox işdə saxlamaq işçinin könüllü razılığı əsasında və əlavə ödəniş olunmaqla edilə bilər. Əgər bu hal məcburi hal alarsa o zaman işçinin əmək müfəttişliyinə müraciət edə bilər”.
E. Kiçikbəyov dəyişkən iş qrafiki ilə bərabər, bir sıra dövlət müəssisələrinin regionlara köçürülməsini təklif edib: “Bu, paytaxt ərazisində sıxlığın azalmasına, tıxcacların aradan qalxmasına kömək edə bilər”.
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı isə Ölkə.az-a açıqlamasında dəyişkən iş qrafikinin ilə bağlı məsələnin dövlət proqramında da öz əksini tapdığını və bunun yaranan tıxaclara müəyyən qədər təsirlərinin olacağını deyib: “Bu, nəqliyyat sıxlığı ilə bağlı problemlə mübarizə üsullarından biridir”.
Ekspert belə düşünür ki, paytaxt ərazisindəki dövlət və özəl müəssisələrin sayı və buradakı işçi axınları ilə bağlı ciddi təhlillər aparılmalıdır: “Nazirliklərdə və bir sıra dövlət qurumlarında bütün işçilərin işə gəlmək zərurəti varmı? Məsafədən iş mümkündürmü? Onların iş saatlarının dəyişdirilməsi hansı effektləri verə bilər? Qurum və müəssisə işçiləri üçün xüsusi avtobuslar təşkil edilə bilərmi?”
E. Muradlı əlavə edib ki, təhlil olunmadan verilən qərarların da ciddi əks təsirləri ola bilər.
“Nəzərə almaq lazımdır ki, idarə və müəssisə rəhbərləri də qərara əməl etməldir. Məsələn, sənəddə iş saatı başqa yazılsa da, istədikləri zaman işçini işə çağıra bilərlər. Hansına nazir, komitə sədri özünü qanundan daha üstün tuta bilər. Bəs, bu müəssisə işçilərinin işə nəzərdə tutulan saatlarda gəlməsinə kim nəzarət edəcək? Əmək Müfəttişliyi buna nə dərəcədə nəzarət edə biləcək? Yoxsa hər nazirlik əmək müfəttişlərinə qarşı çıxacaq?”
Ekspert bildirib ki, bu gün tıxaca qarşı atılan bu addımlar uzunmüddətli perspektiv üçün nəzərdə tutulmayıb: “Tıxacların qarşısının alınması üçün, şəhərin yükü azaldılmalı, bölgələr inkişaf etdirilməlidir. Regionlarda əmək haqqının artırılması, kommunal ödənişlərin aşağı endirilməsi kimi addımlar atıla bilər”.
Könül Vəliyeva