Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir. Yaxud niyə ayıq-sayıq olmalıyıq?
“Ems teleqramı” və ya qısaca “Ems depeşası” tarixə dahi kansler Otto fon Bismarkın Fransa–Prussiya müharibəsini (1870–1871) başlatmaq və Prussiyanın qələbəsini təmin etmək naminə həyata keçirdiyi həlledici gediş olaraq düşüb.
Söhbət informasiya manipulyasiyası kimi qiymətləndirilən gedişdən gedir. O gediş ki, müasir dövrümüzdə onun çoxsaylı nümunələri var.
Yazımızda məsələyə sabah, yəni yanvarın 21-də Medianın İnkişafı Agentliyinin, Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Milli QHT Forumunun tərəfdaşlığı ilə keçiriləcək “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirənin vacibliyi kontekstində toxunacağıq.
Əvvəlcə isə “Ems depeşası” barədə. 1870-ci ildə İspaniya taxtına Hohensollern sülaləsindən bir şahzadənin namizədliyi irəli sürülmüşdü.
Bu, Fransa üçün strateji təhdid idi. Çünki ölkə şimalda və cənubda Hohensollernlərin mövcudluğunu qəbul etmirdi.
Ona görə də Paris Prussiyaya qarşı ultimativ tələblər irəli sürdü.
Fransa səfiri Ems kurortunda Prussiya kralı I Vilhelmlə görüşərək, gələcəkdə bu cür namizədlikləri dəstəkləməyəcəyinə dair rəsmi təminat istədi.