Dil və beyin

20.11.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabir ETİBARLI

Dil bilmək nə deməkdir? Bunun bir ölçüsü varmı? Bəli, bunun bir ölçüsü var və bu ölçü çoxtərəflidir. Ümumi qəbul olunmuş normativlərə görə, dil bacarıqları aktiv və passiv olmaqla iki fərqli kateqoriya üzrə qiymətləndirilir. Aktiv dil bacarıqlarına danışma və yazma, passiv dil bacarıqlarına isə dinləmə və oxuma bacarıqları daxildir. Adətən, bilinən dillər üzrə fərqli növ bacarıqların səviyyələri dəyişkən olur. Məsələn, bir şəxs ingilis dilində yaxşı danışa və söylənilən fikri yaxşı başa düşə bilər. Amma mümkündür ki, həmin şəxs ingilis dilində eyni mükəmməllik səviyyəsində yaza bilməsin, bir sıra orfoqrafik və struktur səhvlərinə yol versin.

Dil bilmək, əslində, yalnız sözləri və qrammatik qaydaları mənimsəməkdən ibarət deyil. Bu proses beynin müxtəlif funksiyalarının birlikdə fəaliyyətini tələb edir. Məlumdur ki, beynin sol yarımkürəsi analitik və məntiqi məsələlərlə məşğul olarkən, sağ yarımkürəsi emosional, yaradıcı və sosial məsələlərlə (təsəvvür, musiqi, incəsənət kimi fəaliyyətlər) məşğuldur. Ancaq dil öyrənən və ya ondan istifadə edən zaman hər iki yarımkürədən aktiv istifadə edə bilərik. Maraqlıdır ki, çox dil bilmək beyində vizual formada müşahidə olunan fərq yarada bilər. Belə ki, çoxdilliliyin beynin neyron və sinapslarının əksəriyyətini özündə ehtiva edən boz maddənin sıxlığının artması ilə əlaqəli olduğu müşahidə edilmişdir. Dil öyrənmə prosesi və öyrənilən dillərdən aktiv formada istifadə etmək neyronlar arasında əlaqələrin artmasına, diqqət və fokuslanma bacarıqlarının inkişafına müsbət təsir göstərə bilər. Dil öyrənmə xatırlama, diqqət cəmləmə, problem həlletmə, yaradıcılıq kimi fərqli bacarıqları birlikdə, kompleks formada inkişaf etdirə bilər. Üstəlik, zamanla ana dilində olmayan səsləri doğru tələffüz etmək bacarıqlarına yiyələnirik və bu da beynimiz üçün faydalı ola bilər.

Dil öyrənmənin beyin üçün bir növ məşğələ rolunu oynadığını düşünmək olar. Bu məşğələnin əhatə dairəsini isə mənimsədiyimiz sözlərin, ifadələrin və qrammatik strukturların müxtəlifliyi ilə təsəvvür etmək mümkündür. Təsəvvür edək ki, üç dil bilən biri sadəcə bir dil bilən biri ilə müqayisədə üç dəfədən artıq söz bazasına sahibdir. Buraya müxtəlif struktur qəlibləri, ifadələr və fərqli qrammatik qaydalar əlavə olunduqda beynin topladığı və emal etdiyi informasiya yükü əhəmiyyətli dərəcədə artır. Toplanmış bu informasiya özünüifadədə də aydın görünür. Belə ki, rəng, hiss, hər hansı hal və ya fikir bir dilə nəzərən başqa bir dildə daha konkret və lakonik ifadə oluna bilər. Başqa dildə olan söz danışanın fikrini ifadə etmək üçün daha geniş imkanlar verə bilər.

Mənimsənilən bu qədər söz və ifadənin istifadəsi isə özlüyündə maraqlı bir məqamı ortaya çıxarır: fərqli dillər beynimizdə necə qarşılıqlı fəaliyyət göstərir? Bəzən öyrənilən sözləri unutmaq, danışan zaman istifadə edilən dilə aid olmayan, başqa bir dilə aid sözlər işlətmək müəyyən mənada normal hal kimi qəbul oluna bilər. Bu, beynin zəifliyinə və ya unutmağa meyilli olduğuna dəlalət etmir. Hətta bir sözü xatırlamaq üçün başqa bir dildə olan sözdən istifadə edilə bilər. Bununla belə, nitqdə tez-tez bir neçə dilə aid sözlərdən istifadə etmək qeyri-peşəkar, həm də ədabaz görünür və bu, heç də xoşagələn hal deyil. Ona görə də mümkün qədər bunu azaltmağa çalışmaq lazımdır.

Digər tərəfdən, müxtəlif dillərdən istifadə etmək yalnız sözləri xatırlamaq və özünü ifadə etmək məsələsi deyil. Dil öyrənmənin faydaları yalnız beynin fəaliyyəti ilə məhdudlaşmır. Yeni bir dil öyrənmək həm də yeni bir mədəniyyətlə tanışlıq deməkdir və bu proses insanın dünyaya baxışına təsir göstərə bilər. Hər yeni dil yeni bir "kimlik" gətirir. Qazanılmış yeni "kimlik" ilə başqa bir mədəniyyətə duyulan maraq və sevgi artır. Belə ki, psixoloji olaraq insan eyni dili danışan başqa insanlarla daha rahat və səmimi ünsiyyət qurur.

Mədəniyyətlə tanışlıq dilin yalnız ünsiyyət vasitəsi olmadığını, həm də dünyanı qavrama forması kimi çıxış etdiyini göstərir. Dillər sadəcə söz bazası və qrammatik quruluşları etibarilə deyil, həm də düşünmə və dünyanı qavrama formalarına görə fərqlidir. Bu baxımdan dilin insanın düşüncəsinə necə təsir göstərməsi maraqlı sual doğurur: Ağlımızda ideya var deyə o ideyanı ifadə edəcək sözə ehtiyac duyuruq, yoxsa sözü bilirik deyə o fikri düşünə bilirik?

Bu sualın cavabını axtararkən müxtəlif dillərin dünyanı necə fərqli təsvir etdiyinə nəzər salmaq maraqlıdır. Müxtəlif dillərin dünyanı qavrama formalarındakı fərqləri zaman anlayışında da görmək mümkündür. Bir çox dillərdə zaman soldan sağa, ərəb və yəhudi kimi sami dillərində isə sağdan sola irəliləyirmiş kimi təsvir edilir. Əksər dillərdə keçmiş arxamızda, gələcək qabağımızdaymış kimi düşünülür. Bəzi dillərdə isə keçmiş qabaqda, gələcək arxadadır. Bu, özünü jestlərdə də göstərir.

Zamanın təsvirindəki bu fərqlər dilin ətraf aləmi ifadə etmək imkanlarının yalnız bir nümunəsidir. Dillər arasındakı fərqlər yalnız zamanın təsvirində deyil, ətraf aləmin və müxtəlif anlayışların ifadəsində də özünü göstərir. Məsələn, ərəb dillərində dəvəni, skandinav dillərində isə qarı ifadə edən sözlərin sayı başqa dillərə nəzərən olduqca çoxdur. Eləcə də Amazon kimi sıx cəngəllik ərazilərində yaşayan xalqların dillərində yaşılın tonlarını ifadə edən sözlər, havanın tez-tez dəyişdiyi ərazilərdə yaşayan xalqların dillərində isə hava ilə bağlı sözlər daha zəngindir.

Bu fərqlər yalnız böyük coğrafi və mədəni xüsusiyyətlərdə deyil, gündəlik həyatımızın ən kiçik detallarında da özünü büruzə verir. Dilin gündəlik həyata təsirini kiçik müşahidələrdə də görmək mümkündür. Məsələn, müşahidə etmişəm ki, azərbaycandilli insanlar pişiyi "piş-piş-piş" deyə çağırdığı halda, rusdilli azərbaycanlılar "kıs-kıs-kıs" deyə çağırırlar. Bu fərqin maraqlı tərəfi ondan ibarətdir ki, hər iki çağırış müvafiq dildə pişiyi ifadə edən sözlərin - "pişik" və "koşka" (koşka) - başlanğıc səsləri ilə əlaqələndirilə bilər. Söz seçimlərindəki bu cür fərqlərlə yanaşı, dilin qrammatik quruluşu da dünyanı qavramağımıza müəyyən təsir göstərə bilər. Məsələn, bir dildə kişi cinsində qəbul olunan əşya başqa bir dildə qadın cinsində və ya bunun tam əksi formada qəbul oluna bilər. Qərb və Şərq mədəniyyətlərindəki müxtəliflik də özünü dillərdə aydın göstərir.

Belə fərqlər fonunda öz dilimizə yaxın dilləri öyrənməyin niyə daha asan olduğunu da anlamaq mümkündür. Öz dilimizə yaxın dilləri daha yaxşı qavrayırıq. Çünki söz bazası, qrammatik struktur, dilin intonasiyası və başqa faktorlar olduqca yaxın olur. Beynimiz artıq bu formaları tanıdığından adaptasiya prosesi daha rahat olur. Bununla belə, fərqli əlifbalardan istifadə edən dilləri öyrənmək beyin üçün daha faydalı hesab edilir.

Bütün bu xüsusiyyətlərə baxmayaraq, dil öyrənmək hər kəs üçün eyni dərəcədə asan və ya eyni nəticələrlə müşayiət olunan proses deyil. Çox dil bilmək ağıllı, istedadlı və ya intellektual olmaq demək deyil. Hər kəsin fərqli öyrənmə qabiliyyəti və tempi var. Uşaqların daha rahat dil öyrənə bilməsi faktdır. Bununla belə, dil öyrənmək üçün heç vaxt gec deyil. Dil öyrənmənin fərdi imkanlarla məhdudlaşmaması onun sosial əhəmiyyətində də görünür. Dil bilmək sadəcə şəxsi fayda ilə bitmir, onun qarşılıqlı sosial əhəmiyyəti də olduqca böyükdür. Çünki xarici bir dil yeni dostluq əlaqələrinin qurulmasında, fərdlər və icmalar arasında kommunikasiyaların inkişaf etdirilməsində, həmçinin səyahət və təhsil kimi məqsədlərlə istifadə oluna bilər. Bu prosesin əyləncəli olması da digər önəmli faktordur.

Nəticə etibarilə, yeni dil öyrənmək yalnız yeni sözlər və qrammatik qaydalar mənimsəmək deyil. Bu, həm də beynin müxtəlif bacarıqlarını inkişaf etdirmək, fərqli düşüncə formaları ilə tanış olmaq, başqa mədəniyyətləri anlamaq və ünsiyyət imkanlarını genişləndirmək deməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью