Diplomlu işsizlər : Əmək bazarında səssiz böhran

27.01.2026

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Son illər Azərbaycanda əmək bazarı ilə bağlı müzakirələr getdikcə daha kəskin xarakter alır. İşəgötürənlər uyğun kadr tapa bilmədiklərini deyir, ali təhsil almış minlərlə gənc isə ixtisasına uyğun iş tapa bilməməkdən şikayətlənir. Rəsmi statistikada işsizlik səviyyəsi nisbətən sabit görünsə də, Dövlət Məşğulluq Agentliyinin açıqladığı rəqəmlər real mənzərənin xeyli daha narahatedici olduğunu göstərir.

2018–2023-cü illərdə Azərbaycanda ali təhsil müəssisələrini bitirənlərin ümumi sayı 120 min 776 nəfər olub. Onların cəmi 58,6 faizi -70 min 769 nəfəri işlə təmin edilib. Qalan on minlərlə gənc isə əmək bazarında özünə yer tapa bilməyib. Daha düşündürücü məqam isə işləyən məzunların da əksəriyyətinin minimal gəlirlə yaşamaq məcburiyyətində qalmasıdır. Statistikaya görə, işləyən məzunların 58 faizi – 41 min 69 nəfər 400 manatdan aşağı əməkhaqqı alır. Aylıq maaşı 1551 manatdan yuxarı olan məzunların sayı isə cəmi 582 nəfərdir.

Bu o deməkdir ki, təxminən 121 min məzundan yalnız yüzlərlə insan nisbətən “normal” sayılan gəlir səviyyəsinə çata bilib. Bu rəqəmlər sadəcə statistik göstərici deyil, Azərbaycanda əmək bazarının struktur böhranının açıq göstəricisidir. Problemin mahiyyəti təkcə iş yerlərinin sayında deyil, əmək bazarının daxili uyğunluğundadır. Bir tərəfdən biznes çevik, texnologiyaya uyğunlaşan, nəticə yönümlü və çoxfunksiyalı əməkdaşlar axtarır. Digər tərəfdən isə əmək bazarına daxil olan məzunların böyük hissəsi bu tələblərə hazır deyil. Bu ziddiyyət səssiz, lakin dərin böhran yaradır.

Problemin kökündə təhsil sistemi ilə əmək bazarı arasındakı zəif əlaqə dayanır. Uzun illərdir ali təhsil daha çox diplom və nəzəri bilik üzərində qurulub. Halbuki müasir əmək bazarı praktik bacarıq, analitik düşüncə, kommunikasiya, adaptasiya və məsuliyyət tələb edir. Nəticədə gənc məzunlar ilk iş yerlərində uzun adaptasiya dövrü keçirir, işəgötürən üçün əlavə xərc yaradır. Bu isə şirkətlərin gənc kadrları işə götürməkdən çəkinməsinə, “ən azı 2–3 il təcrübə” tələbinin süni şəkildə geniş yayılmasına səbəb olur. Beləliklə, “təcrübəsiz olduğu üçün iş tapmayan gənc” paradoksu formalaşır.

Digər mühüm amil yüksək maaşlı və sabit iş imkanlarına çıxışın məhdudluğudur. Dövlət qulluğuna gedən yolun əksəriyyət üçün faktiki olaraq bağlı olması, özəl sektorda isə karyera və əməkhaqqı mexanizmlərinin şəffaf və proqnozlaşdırılan olmaması gənclərin seçim imkanlarını ciddi şəkildə daraldır. Nəticədə ali təhsil alan gənclərin böyük hissəsi ya işsiz qalır, ya da maddi ehtiyaclar içində aşağı maaşlı işlərə razılaşmaq məcburiyyətində qalır.

Əmək bazarındakı vəziyyətə görə məsuliyyəti yalnız gənclərin və ya təhsil sisteminin üzərinə atmaq düzgün olmaz. Bir çox işəgötürən hələ də insan resurslarına strateji aktiv kimi deyil, xərclər maddəsi kimi yanaşır. Əməkdaşın inkişafına yatırım etməyən, şəffaf karyera mexanizmi və motivasiya sistemi yaratmayan şirkətlər istedadları cəlb etməkdə və saxlamaqda çətinlik çəkir. Halbuki bu gün güclü mütəxəssis iş axtarmır, seçim edir. Eyni zamanda namizədlərin də reallığı qəbul etməsi vacibdir. Diplom artıq avtomatik üstünlük yaratmır. Müasir əmək bazarında rəqabət aparmaq üçün davamlı öyrənmə, çeviklik, ünsiyyət, problem həlli, texnologiyaya açıqlıq və təşəbbüskarlıq əsas dəyər faktorlarına çevrilib. Bu bacarıqlara sahib olanlar əmək bazarındakı qeyri-sabitliyə baxmayaraq daha tez uyğunlaşa bilir.

Əmək bazarındakı bu uyğunsuzluq təkcə fərdi problem deyil, ümumi iqtisadi inkişaf üçün də ciddi riskdir. Məhsuldarlıq azalır, bizneslərin böyüməsi ləngiyir, gənclər arasında narazılıq və miqrasiya meyilləri güclənir. Davamlı inkişaf üçün insan kapitalının keyfiyyəti əsas şərtdir və bu yalnız koordinasiyalı yanaşma ilə mümkündür: dövlət, təhsil sistemi, biznes və fərdlər eyni istiqamətdə hərəkət etməlidir.

Bu gün yaşananları sadəcə “işsizlik” anlayışı ilə izah etmək sadəlövhlük olardı. Əsas problem uyğunluq böhranıdır – bacarıqların, gözləntilərin və imkanların bir-birinə uyğun gəlməməsi. Əmək bazarı dəyişir və bu dəyişiklik qaçılmazdır. Açıq qalan sual isə budur: Biz bu prosesi vaxtında anlayıb idarə edəcəyikmi, yoxsa nəticələri ilə yaşamaq məcburiyyətində qalacağıq?

Çinarə Ağayeva
Biznes məsləhətçi

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью