Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məcliisn deputatı Arzuxan Əlizadə danışıb. Deputat qeyd edib ki, yanvarın 16-da Donald Tramp tərəfindən elan edilən təşkilat əslində Qəzzada müharibəyə son qoymaq məqsədilə yaradılmış təşkilatdır və Trampın qeyd etdiyi məqsədi də bundan ibarətdir: “Məlumdur ki, bir çox ölkələrə də müraciət olunub və bu şuraya üzv olacaq dövlətlər hər biri Qəzzanın bərpası üçün 1 milyard dollar vəsait ödəməlidir. Üzvlüklə yanaşı, bu təşkilatın nizamnaməsinə görə, ildə bir dəfə toplanması nəzərdə tutulur.
Eyni zamanda üzv olan ölkələrin liderləri ildə bir dəfə ABŞ prezidentinin sədrliyi ilə, bu təşkilatın işinə qatılacaqlar. Məlumat belədir ki, artıq 60 ölkəyə Donald Tramp tərəfindən dəvət göndərilib. Ölkələrin içərisində Azərbaycan, Ermənistanla yanaşı, Qazaxıstan, Özbəkistan, Belarus və bir sıra digər keçmiş, postsovet məkanında olan ölkələr də var. Eləcə də bir sıra dünya dövlətlərinə müraciət göndərilib. Azərbaycan tərəfinin də təşkilata üzv olmaq istəyi elan olunub”.
Arzuxan Əlizadə / Foto: amip.az
Arzuxan Əlizadə bildirib ki, bu təşkilatın bəzi analitiklər, bəzi siyasətçilər BMT-yə alternativ bir qurum olaraq formalaşması ilə bağlı fikir söyləyirlər. Deputatın fikrincə, bu da ola bilər: “BMT faktiki olaraq uzun müddətdir ki, öz funksiyasını, normal yerinə yetirmək iqtidarında olmayan bir təşkilat kimi gündəmə gəlir. Xüsusilə də, Azərbaycan nümunəsində biz buna şahidlik etmişik”.
Deputatın fikrincə, əslində ekspertlər bunu BMT-yə alternativ və ya Donald Trampın “BMT”-si kimi də adlandırır və bütövlükdə, Birləşmiş Millətlər Təşkilatının fəaliyyətini zədələyə biləcək bir qurum olacağını da istisna etmirlər.
“İstənilən halda, yeni bir qurumdur və bir sıra aparıcı dövlətlərə, özü də, o cümlədən Azərbaycanda da bununla bağlı təklif göndərilib və artıq təklif də dəyərləndirilib. Və bu təşkilatın fəaliyyəti ilə bağlı onu demək olar ki, gələcəkdə təşkilat sülh və sabitliklə bağlı Qəzzada sülhə nail olunması ilə bağlı addımlar atmaqla yanaşı, narahat dünyanın bir sıra bölgələrində olan gərginliklərin aradan qaldırılması istiqamətində öz töhfəsini verə bilər”-deyə Arzuxan Əlizadə qeyd edib.
İradə Cəlil, Bizimyol.info