Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son illərdə dondurulmuş qida məhsullarına tələbatın artması onların keyfiyyəti, qida dəyəri və təhlükəsizliyi ilə bağlı sualları da aktuallaşdırır.
Meyvə, tərəvəz, ət və balıq məhsulları uzun müddət saxlanılması və istifadəsinin rahat olması baxımından istehlakçılar tərəfindən geniş seçilir.
Lakin bu məhsulların dondurulma prosesində faydalı maddələri nə dərəcədə qoruyub saxlaması, təzə məhsullarla müqayisədə sağlamlıq baxımından hansı fərqlərə malik olması müzakirə mövzusudur.
Xüsusilə məhsulların əridildikdən sonra yenidən dondurulması, saxlanma temperaturunun pozulması və soyuq zəncirin qorunmaması qida təhlükəsizliyi ilə bağlı ciddi risklər yarada bilər. Bu baxımdan dondurulmuş qidaların istehlakının sağlamlığa təsirlərini, mümkün mikrobioloji təhlükələri və alarkən diqqət edilməli məqamları araşdırmaq vacibdir.
Dondurulmuş meyvə, tərəvəz, ət və balıq məhsulları təzə məhsullarla müqayisədə qida dəyərini nə dərəcədə qoruyub saxlayır?
Qida mütəxəssisi Fərid Səfərov “Cebheinfo.az”-a bildirib ki, dondurulmuş meyvə, tərəvəz, ət və balıq məhsulları düzgün texnologiya ilə dondurulduqda qida dəyərinin böyük hissəsini qoruyub saxlayır:
“Xüsusilə məhsul yığıldıqdan və ya emal edildikdən qısa müddət sonra dondurularsa, vitamin və mineralların itkisi minimum səviyyədə olur.
Bəzi hallarda uzun müddət saxlanılan təzə məhsullarla müqayisədə dondurulmuş tərəvəzlər daha yüksək miqdarda müəyyən vitaminləri saxlaya bilər. Dondurma mikroorqanizmlərin çoxalmasını dayandırsa da, onları tamamilə məhv etmir. Bəzi vitaminlər, xüsusilə C vitamini və fol turşusu, emal və saxlama zamanı müəyyən qədər azala bilər. Bununla belə, dondurulmuş məhsullar balanslı qidalanmanın tamamilə normal və faydalı hissəsi hesab olunur.
Onların müntəzəm istehlakının özlüyündə sağlamlığa mənfi təsiri yoxdur. Əsas məsələ məhsulun keyfiyyəti, tərkibi və saxlanma şəraitidir. Məsələn, duz, şəkər və müxtəlif souslar əlavə edilmiş dondurulmuş hazır məhsulları sadə dondurulmuş meyvə, tərəvəz, ət və balıqla eyniləşdirmək olmaz.
Dondurulmuş məhsul əridikdə, xüsusilə otaq temperaturunda saxlanıldıqda, mikroorqanizmlərin yenidən çoxalması üçün əlverişli şərait yaranır. “Salmonella”, “Listeria monocytogenes” və “E. Coli” kimi patogen bakteriyalar müəyyən şəraitdə sürətlə çoxala bilər. Məhsulun yenidən dondurulması bu mikroorqanizmləri məhv etmir, sadəcə onların çoxalmasını müvəqqəti dayandırır. Nəticədə qida zəhərlənməsi riski arta bilər”.
O bildirib ki, istehlakçılar dondurulmuş məhsulları alarkən bir neçə vacib məqama diqqət etməlidirlər:
“Qablaşdırmanın bütöv olmasına, cırılma və zədələnmələrin olmamasına diqqət yetirməlidirlər. Eləcə də məhsulun istehsal və son istifadə tarixini, saxlanma temperaturunu yoxlamalıdırlar. Həmçinin, dondurulmuş məhsulların əsasən -18°C və daha aşağı temperaturda saxlanılması təmin edilməlidir.
Bundan başqa əridilmə prosesi otaq temperaturunda deyil, soyuducuda, soyuq suda (kip qablaşdırmada) və ya mikrodalğalı sobada həyata keçirilməlidir. Eyni zamanda, əridilmiş çiy ət və balığı bişirmədən yenidən dondurmaq olmaz. Soyuducuda təhlükəsiz şəkildə əridilmiş məhsullar isə müəyyən şərtlərlə yenidən dondurula bilər, lakin bu zaman keyfiyyət itkisi baş verə bilər. Bildirim ki, məhz burada məhsulun ilkin keyfiyyəti, soyuq zəncirin qorunması, düzgün əridilməsi və bişirilməsi qida təhlükəsizliyinin əsas şərtləridir”.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin