Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2024-cü ildə Azərbaycanda büdcə qaydasının komponenti olan dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti ortamüddətli dövr üçün müəyyən edilmiş hədd daxilində olub və əvvəlki illə müqayisədə azalıb.
SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.
Ölkə Prezidentinin “İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədlərinin, habelə 2024-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında” 24 oktyabr 2023-cü il tarixli fərmanına əsasən dövlət borcunun ÜDM-ə nisbətinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 30 % müəyyənləşdirilib.
Hesabat dövründə büdcə qaydasının ikinci komponenti olan dövlət borcunun ÜDM-ə nisbətinə də riayət edilib, 2024-cü il üzrə dövlət borcunun ümumi məbləği 27 milyard 380,2 milyon manat olmaqla ÜDM-ə nisbətdə 21,7 % təşkil edib.
Bu, müəyyən edilmiş hədəf göstəricisindən 8,3 faiz bəndi, əvvəlki illə müqayisədə isə 0,1 faiz bəndi azdır.
Müvafiq göstəricinin əvvəlki illə müqayisədə azalması ÜDM-in artımı ilə (3 milyard 208,6 milyon manat) əlaqəli olub, dövlət borcunun məbləğində isə 529,8 milyon manat artım izlənib.
ÜDM-dəki nominal artım tamamilə qeyri neft-qaz sahəsindən, dövlət borcundakı artım isə daxili dövlət borcundan (daha dəqiq desək daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızlarından) formalaşıb.