Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünən Dövlət Statistika Komitəsində Ümumdünya Statistika Günü ilə bağlı mətbuat konfransı və statistik olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Məclisi giriş sözü ilə açan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, rəsmi statistikaya olan inam və etibarın qorunub saxlanılması, statistik məlumatların vaxtında və keyfiyyətlə hazırlanaraq istifadəçilərə təqdim edilməsi bu gün statistiklərin qarşısında duran ən mühüm vəzifədir.
Azərbaycanın milli statistika sistemi də son illər ərzində daim tərəqqiyə can atmış, ciddi islahatlar yolu ilə yeni tələblərə uyğun inkişaf etdirilib.
Azərbaycanda milli statistika sisteminin inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən komitə sədri əlavə edib ki, ölkədə onun rəhbərliyi ilə yaradılmış hüquqi baza əsasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli statistika sisteminin formalaşdırılması prosesinə başlanılmış, sonrakı illərdə davam etdirilən islahatlar rəsmi statistikanın inkişafına güclü təkan vermiş, bu sahədə ardıcıl qəbul olunmuş 6 dövlət proqramı uğurla icra edilib.
Azərbaycanın da həmmüəllif kimi qoşulduğu BMT Baş Assambleyasının 2015-ci il 3 iyun tarixli qətnaməsinə uyğun olaraq, 5 ildən bir keçirilən Ümumdünya Statistika Günü ölkəmizdə də təntənəli şəkildə qeyd edilir.
Bu beynəlxalq gün qlobal mütərəqqi təşəbbüslərə böyük önəm və töhfə verilən ölkəmizdə ilk dəfə 2015-ci ildə keçirilib.
Vətən müharibəsində möhtəşəm Zəfərimizin 5-ci ildönümü günlərində Ümumdünya Statistika Gününün ölkəmizdə daha yüksək səviyyədə qeyd olunması məqsədilə Dövlət Statistika Komitəsində xüsusi tədbirlər planı hazırlanıb.