Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ceyms Coysun “Uliss” romanı haqqında “Uliss” romanı düşüncə seli texnikasıyla yazıldığından onun məzmununu danışmaq az qala mümkünsüzdür.
Bu dediklərimiz də əsərin şirəsini çəkməyə uğursuz bir cəhd sayıla bilər.
Coysun artıq çoxdan kulta çevrilmiş romanında süjet xətti, məzmun sərsəri yel kimi, axar su kimi ələgələn deyil, onu yalnız yenicə suvarılmış üslub tarlalarının şırımları arasına hopan suyun nəm izləritək eləcə seyrə dalmaq olar, daha ovuclayıb içmək yox.
Elə təkcə romanın rusca variantının timsalında bu kitabı başqa dillərə çevirən tərcüməçilərin nə zülümlər çəkdiyini təsəvvür eləmək çətin deyil.
Onu tərcümə olunduğu dildə yenidən düşünüb tapmaq, yenidən yazmaq lazımdır.
Coysun bəxti onda gətirib ki, yazı dili ingiliscə olub, ömrünün romanını ingilis dilində yazıb, ardınca da onun əsəriylə çiyin-çiyinə yol başlayan iyirminci yüzillikdə ingilis dili bütün dünyada dominantlıq qazanıb, hegemon dilə çevrilib.
Yoxsa “Uliss” kimi roman, uzağa getməyək, elə doğma irland dilində, ya qonşu şotland dilində, yaxud deyək ki, fin dilində, lap elə bütöv bir qitəyə kölgə salmış qosqocaman ispan dilində yazılsaydı, bunca diqqət, bunca şöhrət qazana bilərdimi?..