Icma.az
close
up
RU
Dublin yəhudisinin odisseyası

Dublin yəhudisinin odisseyası

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ceyms Coysun “Uliss” romanı haqqında

 “Uliss” romanı düşüncə seli texnikasıyla yazıldığından onun məzmununu danışmaq az qala mümkünsüzdür. Bu dediklərimiz də əsərin şirəsini çəkməyə uğursuz bir cəhd sayıla bilər. Coysun artıq çoxdan kulta çevrilmiş romanında süjet xətti, məzmun sərsəri yel kimi, axar su kimi ələgələn deyil, onu yalnız yenicə suvarılmış üslub tarlalarının şırımları arasına hopan suyun nəm izləritək eləcə seyrə dalmaq olar, daha ovuclayıb içmək yox. Elə təkcə romanın rusca variantının timsalında bu kitabı başqa dillərə çevirən tərcüməçilərin nə zülümlər çəkdiyini təsəvvür eləmək çətin deyil. Onu tərcümə olunduğu dildə yenidən düşünüb tapmaq, yenidən yazmaq lazımdır. Coysun bəxti onda gətirib ki, yazı dili ingiliscə olub, ömrünün romanını ingilis dilində yazıb, ardınca da onun əsəriylə çiyin-çiyinə yol başlayan iyirminci yüzillikdə ingilis dili bütün dünyada dominantlıq qazanıb, hegemon dilə çevrilib. Yoxsa “Uliss” kimi roman, uzağa getməyək, elə doğma irland dilində, ya qonşu şotland dilində, yaxud deyək ki, fin dilində, lap elə bütöv bir qitəyə kölgə salmış qosqocaman ispan dilində yazılsaydı, bunca diqqət, bunca şöhrət qazana bilərdimi?..

***

Onda belə bir sadəlövh, avam sual da meydana çıxır: istər poetik janrda yazılsın, istərsə də prozaik - bədii əsər onu ərsəyə gətirmiş ədəbi metoddan, öz proyektindən, yəni dilindən, üslubundan bu qədər asılı olmalıdırmı? Formaya, üsluba aludəlik ideyanı, mahiyyəti arxa plana atmırmı?

Yazının əvvəlində də ərz elədim ki, Coysun romanında forma məzmunu basıb, üslub, stilizasiya mahiyyətə çevrilib; yəni əslində, bu əsərdə yeni bir ideya, dərin məna da yoxdur (bir zaman Umberto Eko bunu sadə bir cümləylə dəqiq ifadə eləmişdi: “Coys deyir ki, dünya bombozdur”), başqa sözlə, burada fəlsəfə filologiyaya - qurban verilib deməzdim - güzəştə gedib. Kitabdakı orijinal məzmun qıtlığı, mahiyyət kasadlığı yüksək ədəbi sənətkarlıq hesabına misilsiz bədii fəndlərlə, krossvord effektli linqvistik oyunlarla, mədəniyyət tarixindən sitatlarla, müxtəsər desək, köhnəlik yeniliklə ört-basdır olunub. Xristian tanrısına inamını itirib dindən üz döndərəndə Coys qəlbindəki o yeri boş saxlamamışdı, o boşluğu mədəniyyətlə, sənətlə, ədəbiyyatla doldurmuşdu. İncəsənət onun dini-imanı, söz - tanrısıydı.

Ceyms Coysun üstündə durduğu fəlsəfi-ideoloji platformaya gəlincə o, əcdadları antik dövrə gedib çıxan azman, höcət, tərs bir skeptik idi - həyatın hansısa bir mənası, mahiyyəti olduğuna, mənəvi dəyərlərin varlığına amansız istehzayla, barışmaz şübhəylə baxan skeptik. Onun düşüncəsindən yola çıxsaq, həyata məna verən tanrı - sənətkar özüdür, yalnız onun sayəsində bu puç, əfsanə dünya hansısa mahiyyət, dəyər qazanır, daha doğrusu, gerçək mahiyyətinə qovuşub əsl üzünü göstərir, olmayan dəyərini alır. Skeptisizm bir düşüncə cərəyanı kimi heç bir mütləq, universal həqiqətin olmadığı iddiasını irəli sürən sofistikanın, ortaq əxlaq normalarını rədd eləyən sinizmin, ehkama çevrilmiş həyat şərtlərini, oturuşmuş qaydaları inkara qalxan nihilizmin, din, dövlət, ailə, cəmiyyət adlı tiranların, monstrların əsarətindən qurtulmağa çalışan anarxizmin doğmaca qardaşıdır. Coysun romanında da boğuq sinizm havası, qatı nihilizm ovqatı hökm sürür. Əsərdə iyrənc fizioloji təfərrüatlara varılması, eybəcər məişət reallıqlarının qabardılması dünyanın gerçək üzünü göstərməyə, həyatı iş başında tutub ifşa eləməyə, insan haqqında humanist, maarifçi mifləri qırıb-dağıtmağa yönəlib.

Bu kimi “cinayətlərinə” görə onun ömrünün kitabı bir çox ölkədə (özü də demokratik dövlətlərdə!), o cümlədən öz vətənində uzun illər bağlı qalmışdı. Handan-hana rəsmi yasaqlar götürülsə də, qeyri-rəsmi qadağalar bəlkə günü bu gün də aradan qaldırılmayıb. Bəziləri insanı heyvan, həşərat yerinə qoyan təkəbbürlü yazıçını, abırsız siniki hələ də bağışlaya bilmirlər, hərçənd onun ustalığı, sənətkarlığı ədəbiyyatdan başı çıxan kimdəsə çətin şübhə doğursun. Özcə bibisi qadağan olunduğu illərdə əl altından yayılan, hər saat tapılmayan defisit romanın bir nüsxəsini qəzəbindən od alan sobaya atmışdı. Şən, kefcil atası isə sevimli oğlunun kitabıyla tanış olanda heyrətə gəlib demişdi: “Mən onun belə yaramaz olduğunu bilmirdim!”

***

Uşaqlığında, yeniyetməliyində çox da ağır məhrumiyyətlər yaşamamış, ata şilləsi, ana ögeyliyi dadmamış, yaxşıca təhsil almış, bir qələm ustası kimi gəncliyinin erkən çağında parlayıb nüfuzlu ədəbi dərgilərə yol tapmış, Paris sənət mühitinə ayaq açmış, dövrünün bir çox ədəbiyyat generalından təqdir, tərif dolu sözlər eşitmiş Ceyms Coysun həyata, insanlara bunca inamsız, hətta ikrahla yanaşması hansı travmaların təhriki, hansı mənəvi zədələrin nəticəsiydi - bunları onun bioqrafiyasını araşdıran tədqiqatçılar bilməmiş olmazlar. Çox güman, o nifrət, şübhə, inamsızlıq dinə, ehkama qarşı barışmaz müxalifətin öldürücü müqavimət (əslində hücum) silahlarıydı, minillik cəhalətdən qurtulmağın, keçmişin əsarətindən sıyrılmağın radikal mübarizə üsullarıydı.

Hər nəydisə, “Uliss” boyunca Ceyms Coys həyatı astar üzünə çevirib bütün kirini-pasağını, yırtığını-yamağını göstərməkdən qəddar, zalım bir zövq alır. Romanın altıncı fəslində uşaqlıq yoldaşının dəfninə - mifik ölülər səltənəti Aid sakinlərinin ziyarətinə gedən Leopold Blum körpəykən dünyadan köçmüş oğlunu anır, arvadıyla birlikdə uşağın təməlini qoyduğu, Rudinin gələcək taleyinə çoxdan verilmiş fərmanı imzaladığı günü xatırlayır. Bu bir abzas Blumun da, Coysun da həyata münasibətinin devizi sayıla bilər: “Özündən sonra nəsə qoyub getmək. Əgər körpə Rudi salamat qalsaydı. Onun necə böyüdüyünü görmək. Evdə uşaq səsi eşitmək. İton zadəgan liseyinin məktəbli formasında Mollinin yanına düşüb getməsinə baxmaq. Mənim oğlum. Mən onun gözlərində. Qəribə yaşantı olardı. Məndən olan. Kor təsadüf. O səhər Molli pəncərədən Raymond-terrasa baxırdı, divarın dibində bir qancıq kürsəyə gəlirdi. Bəd əməl törətməyin. Çavuş da irişirdi. Ətəyi yırtıq solğun sarı xalatı yenə onun əynindəydi, hələ də o yırtığı gözəməklə işi yoxuydu. Dəmir kürədən çıxdı, gəl biz də. Ah, yaman istəyirəm, ölürəm...”

Körpənin dünyaya gəlişinin bütün mərhələlərini müqəddəs ilahi proses kimi təsvir eləyən Tolstoydan fərqli olaraq Coys bu prosesi instinktiv aldanış, həyata davamsız illüziya, varlığa parodiya kimi, üstəlik də şəhvani sayıqlama, eybəcər heyvani akt, çirkin fizioloji ifrazat kimi qələmə verir.

Bundan sonra abzasın sonuncu cümləsi gəlir. Elə bir cümlə ki, nə qədər sadə, primitiv görünsə də, “Uliss”in qırxıncı otağının açarı, Coysun da ana şüarı hesab olunmağa layiqdir: “...Həyat belə başlanır”.

Fəxri Uğurlu

Davamı növbəti sayımızda

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyun 2025 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri