Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az-ın xəbərinə görə, qurum faiz dərəcəsinin 0,25% artırılması ilə bağlı qərar verib.
Artıma səbəb isə ölkədə davamlı inflyasiya təzyiqinin olması və qiymət indeksinin 3,7% artması olub.
İqtisadçı deputat Vüqar Bayramov Ölkə.az-a açıqlamasında bildirib ki, FED-in qərarları dünya iqtisadiyyatına birbaşa təsir göstərir. Çünki uçot dərəcəsinin artrması, praktiki olaraq, dollar yığımlarına daha çox vəsaitin cəlb olunması deməkdir:
"Məzənnə dəyişikliyi ilə qlobal valyuta bazarlarında dolların digər valyutalara nisbətən məzənnəsində müəyyən artımlar gözlənilir. Lakin kəskin artımlar proqnozlaşdırılmır, çünki FED-in qərarı gözlənilən idi. İnflyasiya dərəcəsi və mövcud iqtisadi siyasət baxımından uçot dərəcəsinin artırılması adekvat addım sayılır", - o vurğulayıb.
FED-in qərarının Azərbaycanın valyuta bazarına təsirlərinə gəldikdə isə deputat qeyd edib ki, bunun Azərbaycan valyuta bazarına birbaşa deyil, dolayı təsirləri var:
"Birbaşa təsirlər daha çox neftin dünya bazarındakı qiymətindən və ölkəyə daxil olan valyutanın həcmindən asılıdır.
Mərkəzi Bankın son açıqlamalarına əsasən, ölkədə dollara olan tələbin azalması müşahidə olunur ki, bu da qurumun valyuta ehtiyatlarının artmasına gətirib çıxarır. Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi inzibati qaydada Mərkəzi Bank tərəfindən tənzimlənir. Budəfəki büdcədə də manatın məzənnəsinin stabil qalması nəzərdə tutulub".
O həmçinin əlavə edib ki, Mərkəzi Bankın qərarları tədiyyə balansının vəziyyətindən, ölkəyə daxil olan valyutadan və xüsusilə neftin dünya bazarındakı qiymətindən asılı olacaq: "Neftin qiyməti yüksək olduqca valyuta bazarlarında tarazlığı qorumaq daha asandır; qiymətlər kəskin düşərsə, bu, bazara neqativ təsir göstərə bilər".
İqtisadçı ekspert Natiq Cəfərli FED-in qərarının iqtisadi nəticələrini Ölkə.az-a şərh edib. O bildirib ki, uçot dərəcəsinin artması müvəqqəti olaraq dollar indeksinin artmasına səbəb olacaq və bu valyutanı möhkəmləndirəcək:
“Lakin uzunmüddətli perspektivdə təsir gözlənilmir. Çünki bundan sonra uçot dərəcəsinin artırılması real görünmür. Əksinə ABŞ prezidenti Donald Trampın da təzyiqləri ilə geci gələn ilin əvvəlindən başlayaraq uçot dərəcəsinin yenidən azaldılmasının şahidi olacağıq.
Hazırda uçot dərəcəsinin 0,25 faiz bəndi artırılmasının yeganə səbəbi enerji daşıyıcılarının bahalaşması və onun inflaysiyaya artırıcı təsirləridir”.
Ekspert deyib ki, bunun Azərbaycana birbaşa heç bir təsiri yoxdur:
“ABŞ-də uçot dərəcəsinin artırılması dolların beynəlxalq indeksinə təsir göstərir. Azərbaycanda isə dolların indeksi inzibati qaydada tənzimlənir. Təsirlər isə dolayı şəkildə baş verə bilər. Məsələn, dünya birjalarında dollar indeksi aşağı düşəcəyi halda avro, rubl, funt sterlinq kimi valyutalar manat nisbətində bahalaşa bilər ki, bu da həmin ölkələrdə idxal olunan məhsulların bahalaşmasına yol aça bilər”.
Mürtəza