Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq futbol tarixinə adını qızıl hərflərlə yazdıran Jül Remi (Jules Rimet, bu gün milyardlarla insanı ekran qarşısına kilidləyən Futbol üzrə dünya çempionatının əsas ideya müəllifi və yaradıcısıdır.
”Yeni Sabah” xəbər verir ki, 1873-cü ildə Fransada doğulan bu uzaqgörən idman funksioneri, ixtisasca hüquqşünas idi və futbolun sadəcə bir oyun deyil, insanları birləşdirən, sinfi fərqləri ortadan qaldıran universal bir sosial güc olduğuna inanırdı. Məhz bu inamın nəticəsi olaraq o, gənclik illərində, 1897-ci ildə Fransanın köklü klublarından olan "Red Star"ı təsis etdi.
Birinci Dünya müharibəsində iştirak edərək göstərdiyi şücaətə görə müharibə xaçı ordeni ilə təltif olunan Remi cəbhədən qayıtdıqdan sonra bütün enerjisini futbolun qloballaşmasına həsr etdi. Pepperoni pizza
Onun idman idarəçiliyindəki ən böyük missiyası 1921-ci ildə FIFA prezidenti seçilməsi ilə başladı. Tam 33 il ərzində bu vəzifəni icra edərək FIFA tarixində ən uzunmüddətli prezident olan Remi, qurumu müharibənin gətirdiyi siyasi və iqtisadi böhrandan çıxararaq qlobal bir gücə çevirdi.
O dövrdə beynəlxalq futbol yarışları yalnız Olimpiya Oyunları çərçivəsində təşkil olunurdu. Lakin Olimpiadanın ciddi "həvəskar statusu" tələbi sürətlə inkişaf edən peşəkar futbolçuların bu turnirlərdə çıxışını qeyri-mümkün edirdi. Jül Remi futbolun ən yaxşılarının mübarizə apara biləcəyi, Olimpiadadan tamamilə müstəqil və bütün dünya xalqlarını əhatə edən böyük bir çempionatın zəruriliyini müdafiə etməyə başladı.
Reminin illərlə davam edən diplomatik səyləri Avropa klublarının müqavimətinə və səyahət çətinliklərinə qarşı göstərdiyi qətiyyət nəticəsində 1930-cu ildə Uruqvayda ilk Dünya Çempionatı reallığa çevrildi.
İlk turnirin uğurla baş tutması dünya idmanında yeni bir eranın başlanğıcı oldu. Onun bu misilsiz xidmətlərinin rəmzi olaraq, dünya çempionatının qaliblərinə təqdim olunan yunan qələbə ilahəsi Nikenin təsvir edildiyi ilk orijinal qızıl kubok məhz "Jül Remi Kuboku" adlandırıldı.
Qaydalara əsasən, bu kuboku üç dəfə qazanan ölkə onu əbədi olaraq öz muzeyində saxlamaq hüququ əldə edirdi ki, bu nailiyyəti də ilk dəfə 1970-ci ildə Braziliya yığması gerçəkləşdirdi. Futbolu kütləvi bəşəri hərəkata çevirən, xalqlar arasında sülh və dostluq körpüləri quran Jül Remi 1954-cü ildə FIFA rəhbərliyindən ayrıldı və iki il sonra, 1956-cı ildə Nobel Sülh Mükafatına namizəd göstərildiyi il vəfat etdi.
Onun miras qoyduğu çempionat isə bu gün də planetin ən möhtəşəm idman hadisəsi statusunu qoruyub saxlayır.