Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Planetimiz bu gün ağır siyasi, hüquqi və hərbi böhran yaşayır.
Avropanın şərqində 3 il əvvəl Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə başlayan və hələ də davam edən, hətta günbəgün şiddətlənən müharibəni heç cür dayandırmaq olmur.
Ağ evin yeni sahibinin bu istiqamətdə gərgin səyləri də real nəticələrə gətirib çıxarmır.
Dünyanın gözü önündə hər gün bu mənasız savaşda yüzlərlə, bəzən minlərlə insan həlak olur, böyük-kiçik şəhərlər, kəndlər dağıdılır, ailələr yurd-yuvalarını tərk etməyə vadar olur.
Rusiya-Ukrayna savaşı miqyasına görə, İkinci Dünya müharibəsindən sonra planetimizdə ən ağır silahlı münaqişədir.
Bundan başqa, dünyanın bir çox regionlarında vəkalət müharibələrinin alovunu heç cür söndürmək olmur.
Üstəlik, yeni münaqişə ocaqları körüklənir. Bir çox analitiklər hətta nüvə silahının lokal istifadəsindən söz açırlar.
Bu fikri bəzən elə soyuqqanlı şəkildə dilə gətirirlər ki, insanın damarlarında qanı donur. Görünən budur ki, dünya ağır xaosa sürüklənib.