Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yaxın Şərq növbəti müharibə astanasındadır.
Səudiyyə Ərəbistanı Yəməndəki Husilərə qarşı genişmiqyaslı hücuma hazırlaşır. Məqsəd Husilərin Qırmızı dənizdəki Səudiyyə limanlarına qarşı tətbiq etdikləri blokadanı aradan qaldırmaqdır.
Lakin Ər-Riyad bu əməliyyata təklikdə deyil, koalisiya şəklində qoşulmağı planlaşdırır. Bu məqsədlə ABŞ, Misir, Pakistan, Türkiyə, Qətər, Bəhreyn, Küveyt, Cibuti, Somali və Sudan daxil olmaqla, təxminən 50 ölkə təşəbbüsə qoşulmağa dəvət edilib.
ABŞ-nin koalisiyada iştirakına dair yekun qərar hələ qəbul edilməyib. Vaşinqtonun dəstəyi təşəbbüsün nüfuzu və effektivliyi baxımından əsas amil hesab olunur.
Britaniyanın bu əməliyyata qoşulması ilə bağlı dəqiq məlumat yoxdur. Fransa, Almaniya və İtaliya isə hər hansı öhdəlik götürməzdən əvvəl ABŞ-nin qərarını gözləyir. Lakin ABŞ-nin hazırkı şəraitdə Husilərə qarşı müharibə məqsədilə koalisyaya qoşulacağı real hesab edilmir.
ABŞ Mərkəzi Komandanlığından “Əl-Monitor” nəşrinə verilən açıqlamaya görə, Vaşinqton daha çox Hörmüz boğazının müdafiəsinə və İranın dənizdən blokadasının təmin olunmasına diqqət yetirir. Ona görə də ABŞ diqqətini Yəmənə yönəltmək istəmir.
Səudiyyə Ərəbistanı isə dünya dövlətlərini, o cümlədən ABŞ-ni Husilərin Bab əl-Məndəb boğazından keçən beynəlxalq gəmiçiliyi məhdudlaşdırmaq cəhdlərinin qarşısını almaq üçün koalisiyaya qoşulmağın vacibliyinə inandırmağa çalışır.
Beynəlxalq koalisiya yaratmaq mövzusunun ABŞ və Səudiyyə Ərəbistanı arasında aparılan son danışıqları zamanı qaldırıldığı ehtimal edilir.
ABŞ Prezidenti Donald Tramp iyulun 29-da Vaşinqtonda Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salmanı qəbul edib. Görüş zamanı İranla münaqişənin əsas müzakirə predmeti olduğu deyilir.
Səudiyyəli nazir ABŞ Prezidentinə İrana qarşı gələcək tədbirlərlə bağlı Ər-Riyadın mövqeyi barədə məlumat verib. Şahzadə Xalid Trampa Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın məzmunu və təfərrüatları açıqlanmayan bir xahişini çatdırıb.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusu iyulun 27-də yaydığı bəyanatda ABŞ-ni və Fars körfəzi ölkələrini müharibəni Bab əl-Məndəb boğazı istiqamətində genişləndirməklə hədələyib.
Husilər Bab əl-Məndəb boğazını bağlayacağı təqdirdə dünya üzrə neft ixracının təxminən 7 faizi dayana bilər. Husilərin boğazı bağlaması Səudiyyə Ərəbistanının gündəlik 3,5 milyon barel neftinin keçdiyi ərazi üzərində İranın hərbi və geosiyasi üstünlüyünü təmin etmiş olar.
Bu baxımdan, Səudiyyə Ərəbistanının təşəbbüsü Husilərin Ədən körfəzinə girişi bağlamaq cəhdini önləmək üçün preventiv addım hesab edilə bilər. Lakin Səudiyyə Krallığı Husilərlə təkbaşına müharibəyə girəcəyi tədirdə İranın raket və dron zərbələrinə məruz qalacağını da hesablayır.
Ona görə də Ər-Riyad Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirmək üçün koalisiya şəklində hücum təklif edir. Amma Tramp administrasiyası iki cəbhədə müharibə aparmaqda maraqlı görünmür. Husilər hazırda Qırmızı dənizin cənubundan keçən gəmilərə tarif tətbiq etməklə hədələyirlər.
Əgər Hörmüz boğazındakı vəziyyət Bab əl-Əndəbdə təkrarlansa, bu, neftin bahalaşması ilə yanaşı, taxılın və digər strateji məhsulların Süveyş kanalı istiqamətində daşınmasının qarşısını alacaq.
Nəticədə, dünya ölkələri yeni iqtisadi şoklarla üz-üzə qala bilər. Belə olan halda ABŞ-nin hərbi əməliyyatlara qoşulması qaçılmaz olacaq ki, bu da diqqətin İrandan və Hörmüz boğazından yayınması deməkdir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin